“Report”un analitik qrupu bildirir ki, ABŞ dollarının ucuzlaşması üçün hazırda heç bir iqtisadi və maliyyə cəhətdən səbəb yoxdur. Dolların ucuzlaşmasına səbəb ABŞ hökumətinin ixracı artırmaq və ümumilikdə iqtisadi artımı, o cümlədən inflyasiyanın dayanıqlı olaraq yüksəltmək planıdır. Bu məqsədlə müxtəlif sözlü intervensiyalardan istifadə olunur. 2018-ci ildə USD/EUR-un 1,20-1,26, USD/GBP-nin isə 1,35-1,50 diapazonunda hərəkət etməsi proqnozlaşdırılır.
Dolların ucuzlaşması nəticəsində ABŞ-da iqtisadiyyatın isinməsi, FED-in uçot dərəcəsini daha sürətlə artırmasına gətirib çıxaracaq. 2018-ci il üçün FED-in uçot dərəcəsini 2-2,5%-ə, 2019-cu ilin əvvəlində isə 3%-ə yaxınlaşdırması gözlənilir. Bu dövrdə isə ECB-nin faizləri 0% səviyyəsində qalacaq, sadəcə monetar stimullaşdırma bitəcək. Bu da öz növbəsində dolların məzənnəsinin kəskin artmnasına gətirib çıxaracaq. “Report”un analitik qrupu 2019-cu ilin ilk yarısında USD/EUR-un paritetə, USD/GBP-nin isə 1,25 səviyyəsinə qədər azalmasını ehtimal edir.