Ermənistandakı Rusiya Sərhəd Qoşunları əleyhinə “ölkədən çıxın” kampaniyası başladı

0
3
Ermənistan mətbuatında olduqca maraqlı bir məlumat yayılıb. Həmin məlumat 22 dekabr 2017-ci ildə keçirilən ictimai müzakirələr zamanı qəbul edilən bəyanatın mətni ilə bağlıdır. 10-a yaxın tanınmış şəxsin imzaladığı məlum bəyanatda söhbət Ermənistandakı Rusiya FTX-sinin nəzdində olan Sərhəd Qoşunlarının statusu ilə bağlı 1992-ci ildə imzalanan hökumətlərarası sazişin 25 ilinin tamam olmasından gedir.
Qeyd edək ki, həmin sənəddə Ermənistanla İran arasındakı sərhədlərin Rusiya sərhədçiləri tərəfindən qorunması ilə bağlı razılığa gəlinib. Bəyanatı imzalayanlar qeyd edirlər ki, bu razılaşma Qarabağda müharibənin getdiyi zaman üçün vacib idi, hazırda isə mahiyyətini itirib: “Məhz həmin tarixi məqamı nəzərə almaqla Ermənistan bununla bağlı Rusiyaya güzəştə getməli olub. Bu illər ərzində situasiya xeyli dəyişib. 1994-cü ildə Qarabağ müharibəsinin aktiv fazası bitib, 2009-cu ildə isə Gürcüstan MDB-ni tərk edib. Buna baxmayaraq, Ermənistanı idarə edən rejim hələ də ölkənin suverenliyinin bərpası ilə bağlı hansısa addım atmayıb. Bu azmış kimi, Ermənistanın beynəlxalq hava limanına da sərhəd nəzarəti rus sərhədçilərinə verilib. Baxmayaraq ki, hətta yuxarıda qeyd etdiyimiz razılaşmada belə bu hal nəzərdə tutulmayıb. Bütün bunlar ölkənin suveren haqlarının başqa bir ölkəyə təhvil verilməsi anlamına gəlir. Hətta müttəfiq ölkə olsa belə, bu yolverilməzdir. Bütün bunları nəzərə almaqla Ermənistan hakimiyyətindən ölkənin suverenliyinin bərpasını tələb edirik. 1 mart 2018-ci ilə kimi beynəlxalq hava limanındakı nəzarət-buraxılış məntəqəsinin Rusiya sərhədçilərindən alınıb öz ölkəmizin silahlı qüvvələrinə verilməsini istəyirik. Həmçinin, 1 yanvar 2019-cu il tarixdən gec olmayaraq, Ermənistan-İran sərhədinin qorunmasının da öz ölkəmizin üzərinə götürülməsini zəruri sayırıq. Biz təklif edirik ki, Ermənistan-İran sərhədindən çıxarılan rusiyalı sərhədçilər ya Ermənistan-Türkiyə sərhədinə yerləşdirilsin, ya da Rusiyaya köçürülsünlər. 1 yanvar 2020-ci ildən gec olmayaraq isə Türkiyə-Ermənistan sərhədinə nəzarəti də tam olaraq Ermənistan silahlı qüvvələri götürsün və Rusiya FTX-si ilə təhvil-təslimin necə həyata keçiriləcəyinə dair razılaşma əldə olunsun. Bütün bu tələblərin yerinə yetirilməsi üçün növbəti illərin dövlət büdcəsindən lazımi vəsaitin ayrılması nəzərdə tutulsun. İran-Ermənistan sərhədinə tam nəzarətin bərpası bizə suverenliyimizin möhkəmlənməsilə yanaşı, həm də Mehri istiqamətində Naxçıvandan yarana biləcək təhlükənin qarşısını almağa köməklik edəcək. Hesab edirik ki, bizim öz sərhədçilərimizin bu istiqamətdə ordumuza ciddi köməyi dəyə bilər. Tələblərimizin yerinə yetirilmədiyi halda, biz aktiv etiraz aksiyalarına keçməklə bağlı cəmiyyətə çağırışlar edəcəyik.

Albert Baqdasaryan
Arman Melikyan
David Sanasaryan
Eqişe Petrosyan
Ovsep Xurşudyan
Petros Makeyan
və başqaları”.

Olduqca maraqlı müraciətdir. Demək olar ki, Rusiyaya meydan oxumaq anlamına gəlir. Xüsusilə də belə vəziyyətin NATO ilə Ermənistan arasında əməkdaşlığın genişləndiyi və İrəvanın Qərbə doğru reveranslarını artırdığı bir dönəmə təsadüf etməsi ciddi sual doğurmaya bilməz. Ermənistan bununla imitasiya edir, yoxsa həqiqətən cəmiyyətdə belə ab-hava mövcuddur?
Ekspert Elşən Mustafayevin sözlərinə görə, bu olduqca ciddi bir siqnaldır: “Ermənistan bu taktikadan daim istifadə edir. Həmin ölkə ciddi manevrlər etmək istəyəndə belə üsullara əl atır. Hakimiyyət deyə bilmədiyi sözü ictimai fəalların, siyasi partiyaların dili ilə söyləyir. Bu tələb nəbzi yoxlamağa hesablanıb. Məgər Ermənistanda yalnız sərhəd rusların əlindədir? Bilirsiniz ki, Ermənistanda Rusiyanın hərbi kontingentindən ibarət böyük bazaları var. Onda niyə məhz sərhədçilərin çıxması tələb edilir? Əvvəlcə biz bu tələbin irəlü sürüldüyü dönəmə baxaq. Ermənistan ciddi şəkildə Rusiyadan uzaqlaşmağa can atır. NATO təlimlərində aktiv iştirakı, “Şərq Tərəfdaşlığı” ilə bağlı sazişə böyük maraq göstərməsi bunu sübut edir. Bəyanatın məğzində bildirilir ki, hava limanına və başqa ölkələrlə sərhədə Rusiyanın nəzarət etməsi onların suverenliyinə təhlükə yaradır. Həm də bildirilir ki, bu, Ermənistana 1994-cü ilə kimi lazım olub. Onda sual oluna bilər: bəs 24 il ərzində sərhədçilərin çıxarılması niyə tələb edilmirdi? Deməli, bu, Ermənistan hakimiyyətinin də marağında olan bir siyasi kursdur. Ancaq çox vaxt belə ciddi manevrlər Ermənistan üçün baha başa gəlir. 1999-cu ildə Ermənistan hansısa manevri özbaşına etmək istəyinə görə ciddi cəzalandırıldı. Yadınızdadırsa, parlament gülləbaran edildi, ölkənin tanınmış siyasi xadimləri öldürüldü. Hesab etmirəm ki, bu bəyanatdakı tələblərin yerinə yetirilməsilə Ermənistanın suverenliyi tam bərpa olunacaq. Çünki suverenliyin bərpasını şərtləndirən amillər çoxdur və onların çoxunu İrəvan Rusiyanın forpostu olmağa razılıq verməklə əldən ötürüb. Ermənistan hakimiyyəti sərhədlərindən Rusiyanın çıxarılmasına nail ola bilməyəcək. Bu, sadəcə, ortaya atılan bir fikirdir və çox güman ki, Rusiyanın reaksiyasının yoxlanmasına hesablanıb. Ermənistan bu yöndə ciddi addımlar atmağı düşünsə, Rusiya onu ciddi cəzalandıracaq. Çünki cənub sərhədlərinə nəzarət Rusiya üçün böyük önəm daşıyır”. (Bakı-Xəbər)

Məhəmmədəli QƏRİBLİ