“Zaman ən obyektiv hakimdir”

0
2

Qeyd edək ki, Azadlıq”ın 3-cü sayında R.Tağıyevlə eksklüsiv müsahibə var. Həmin müsahibələr bir daha Ramiz bəyin “Sərhəd Hərəkatı”nın inkaredilməz lideri olduğunu təsdiqləyir.

“Zaman ən obyektiv hakimdir”

AXC Culfa rayon şöbəsinin əlaqəçisi Ramiz Tağıyevlə müsahibə

-Ramiz bəy, bəlli olduğu kimi, bu ilin ortalarından baş vermiş Culfa tətilləri Azərbaycanda mütəşəkkil tətil hərəkatının başlanğıc nöqtəsi idi. Eyni zamanda, biz xalq hərəkatımızın bu mərhələsi haqqında çox az şey bilirik. Bu da bəzi bədxahlara Culfa tətilləri haqqında cürbəcür şayiələr yaymağa, onu gözdən salmağa imkan verir. Mümkündürsə, bu haqda qısa məlumat verərdiniz.

-Culfa tətilləri dəmiryolçuların haqlı tələbləri və mütəşəkkil çıxışları ilə başlandı. Naxçıvan Muxtar Respublikası ilə sərhəd rayonlarında, xüsusilə Meğri rayonunda ermənilərin törətdiyi özbaşınalıqlar Ermənistan tərəfindən Naxçıvanın felən blokadaya alınması demək idi. Qatarlarımızın müntəzəm olaraq dayandırılıb geri qaytarılması, maşinistlərimizin döyülməsi, onlara atəş açılması, respublikadan gələn qatarların buraxılmaması Culfa lokomotiv deposu işçilərinin narazılığına səbəb olmaya bilməzdi. Mərkəzin isə bitərəf, daha doğrusu, cinayətkarcasına birtərəfli mövqe tutması, işdə erməni ekstremistlərinə himayədarlıq etməsi dəmiryolçuların səbir kasasını doldurdu və onlar iyul ayının axırlarında işə çıxmaqdan imtina etdilər. Qətiyyətlə deyə bilərəm ki, bizim tətillərin yeganə səbəbi respublikamıza əsl təcavüz səciyyəsi daşıyan bu hadisələr idi.

-Bəs Culfa caamatının dəmiryolçuların təillərinə münasibəti necə idi?

-Culfa əhalisinin özünün çoxsaylı mitinqlərində dəmiryolçularla tam həmrəyliyini bildirmişdi. Mən tətillərə kiçik bir qrupun öz eqoist məqsədlərinə nail olmaq üçün iradəsini çoxluğa qəbul etdirməsinin nəticəsi kimi qiymət verən iddiaları qəti surətdə rədd edirəm; bunlar bürokratik aparat tərəfindən xalq hərəkatını gözdən salmaq məqsədi ilə atılan böhtanlardan başqa bir şey deyil. Dediklərimə dəmiryolçuların sonrakı tətillərinə bütün Culfa əhalisinin hamılıqla qoşulması sübut ola bilər.

-Tətil və mitinqlərdə irəli sürülən tələblər konkret olaraq kimin qarşısında qoyulurdu və məsul şəxslərdən kimlər tətilçilərlə danışıqlar aparırdı?

-Tələblər Azərbaycan hökumətinin və başlıca olaraq SSRİ Yollar Nazirliyinin qarşısında qaldırılırdı. İyunun 22-də başladığımız tətillə əlaqədar SSRİ Yollar Nazirliyinin müavini Pinqaryov Culfaya gəldi. Meğri rayonunda hadisə yerlərinə onunla birlikdə baş çəkdik və qısa danışıqlardan sonra o bizə söz verdi ki, vəziyyəti normal hala salmaq üçün əlindən gələni edəcək. Bundan sonra iyunun 28-də bir tətili müvəqqəti olaraq dayandırdıq. Ancaq vəziyyət nəinki normal hala düşdü, hətta daha da kəskinləşdi. Sərhədi keçmək həyatla vidalaşmağa bərabər idi. Buna görə avqustun 2-sindən yenidən tətilə başladıq. Bu dəfə respublikadan Azərbaycan KP MK-nın II katibi Polyaniçko, respublika prokuroru İsmayılov, Mərkəzdən isə SSRİ yollar nazirinin birinci müavini Fadeyev və DİN qoşunlarının rəisi Şatalin tətilçilərlə görüşə gəldi. Danışıqlar zamanı onlar da bizə söz verdilər ki, vəziyyəti normal hala salmağa çalışacaqlar. Ancaq…

-Bəs avtomobil yollarında vəziyyət necədir?

-Erməni ekstremistləri Naxçıvana gələn bütün yollara “nəzarət” edirlər. Bundan başqa, avtomobil yollarımızın bərbad halda olması əlavə çətinliklər törədir. Bir neçə il qabaq salınmalı olan magistral avtomobil yolunun da istifadəyə verilməsi naməlum səbəblər üzündən dəfələrlə təxirə salınıb. Meğri rayonunun rəhbərləri yolun salınmasına açıq-aydın müqavimət göstərir. Bu yolun sifarişçisi olan SSRİ Müdafiə Nazirliyinin mövqeyi də təəccüb və şübhə doğurur.

-Belə olan təqdirdə məsələnin həllində Mərkəzin köməyinə bir daha ümid bəsləmək olarmı?

-Yox. Hadisələrin inkişafı bir daha sübut etdi ki, mövcud problemləri həll etmək üçün respublika hökuməti Mərkəzdə olan qüvvələrin köməyinə artıq bel bağlamamalıdır.

-Dediniz ki, biz ancq daxili qüvvələrimizə arxalanmayıq. Ancaq alınan məlumatlara görə, yerlərdə AXC-yə qarşı avantürist hərəkətlərə yol verilir. Belə hallar bizim ali məqsədlər uğrunda birləşməyimizə təhlükə yaratmırmı?

-Belə hərəkətlərə, doğru dediniz ki, avantürizmdən başqa heç bi ad vermək olmaz. Yəni belə hərəkətlərə yol verənlər geniş kütlələrin iradəsinə zidd olaraq, özlərinin maddi maraqları naminə nəyə desən qadirdirlər.
Azərbaycanda bürokratiya ənənəvi şəkildə güclü olub. Bu gün respublikada büsrokratiya mafiya ilə culğaşıb. Mafiya xalq hərəkatının inkişafından qorxur. Çünki bu hərəkatın gec-tez özünə qarşı da çevriləcəyini əvvəlcədən görür. Təbiidir ki, öz mövqelərini asanlıqla əldən verməyəcək və bunun üçün hər cür alçaq vasitələrə əl atacaqdır. Xalq hərəkatı nümayəndələri haqqında ağlasığmaq şayiələr yaymaq, onlara hədə-qorxu gəlmək mafiyanın ən geniş yayılmış mübarizə metodlarındandır.

-Ramiz bəy, siz özünüz bu kimi hücumlara məruz qalmısınızmı?

-Dəfələrlə. Onlardan sonuncusunu misal gətirmək istərdim. Çünki bu hadisə mafiyanın artıq açıq-aşkar hücumuna əyani dəlildir.
Dekabrın 2-də səhər saat 5 radələrində dəmiryolçuların tətil komitəsinə silahlı şəxslər hücum etmiş, komitə üzvlərini döymək cəhdləri olmuşdur. Bu hadisə bütün Culfa caamatında hiddət doğurdu , güclü etiraz mitinqləri keçirildi. Və xalq bir daha tutduğu yoldan, qarşıda duran hər cür maneələrə baxmayaraq dönməyəcəyini qəti surətdə bildirdi.

-Buna oxşar hadisələr digər yerlərdə də baş verir. Sizcə, bu təsadüfdürmü?

-Xeyr. Məncə, aydındır ki, bütün hərəkətlər vahid və daha güclü mərkəzdən idarə edilir. Bu gün mafiya AXC sıralarına soxulmağa cəhd göstərməklə bizi yolumuzdan sapdırmağa çalışır. Lakin hər kəs əmin ola bilər ki, zaman keçdikcə hər şey üzə çıxacaq. Sabir demişkən, yağı yağ üstə çıxıb, ayranı ayranlıq olacaq.

-Ramiz bəy, sıralarımızın azsaylı, lakin heç də az təhlükəli olmayan ünsürlərdən təmizlənməsi mexanizmini necə təsəvvür edirsiniz? Bunun üçün xüsusi kampaniya lazımdırmı?

-Mən əminəm ki, təmizləmə prosesi təbii olmalıdır. Zaman ən obyektiv hakimdir.

-Bir daha Culfa dayaq dəstəsinin fəaliyyətinə qayıdaq. Eşitdiyimizə görə, dekabrın əvvəllərində olduqca nəcib bir təşəbbüs irəli sürüb həyata keçirmisiniz…

-Doğrusu, bu təşəbbüs çoxdan var idi. İki qardaş arasından çəkilən sərhəd simləri hamımızın-hər bir Azərbaycan vətəndaşının qəlbində etiraz sədaları qaldırıb və qaldırılacaq. Ancaq bu etirazı kütləvi şəkildə ifadə etməkdən çox vaxt çəkinmiş, ehtiyat etmişik. Ehtiyat etməyimiz də səbəbsiz olmayıb; bizim buradakı hər bir hərəkətimizin Arazın o tayındakı yurddaşlarımızın sonrakı taleyinə necə təsir göstərəcəyindən ehtiyat etmişik.

-Yəqin ki, burada Cənublu qardaşlarımızın fəaliyyətsiz olması haqqında mülahizələrdən doğan yanlış təsəvvürlər də öz rolunu oynayıb. Axı bəzən hətta bizə sübut etmək istəyirlər ki, müxtəlif ictimai şəraitdə yaşayan “cənublular”la “şimallılar”ın təfəkkür tərzində, milli özünüdərketməsində də müxtəlifliklər mövcuddur.

-Əlbəttə, iki əsrlik bir dövr ərzində bir tərəfdən ruslaşma, digər tərəfdən isə farslaşma siyasətinin dönmədən həyata keçirilməsi milli təfəkkür tərzimizə ağır zərbə vurmuşdur. Ancaq Arazın hər iki tərəfindən azərbaycanlıları yalnız və yalnız cismani yox etmək olar ( o da mümkün olsa), milli kökümüzü unutdurmaq üçün iki minillik dövr də kifayət etməz. Bunlar gəlişi gzəl sözlər deyil, mənim qəti inamımdır. Dediklərimə dekabrın 4-də və 12-də Arazın hər iki sahili boyu keçirilən sərhəd simlərinə etiraz aksiyası sübutdur.
Bir də onu əlavə etmək istərdim ki, bu gün biz çox pis qardaşıq. Təşəbbüsümüz çox azdır-həm o taydan, həm bu taydan. Azədlığımız uğrunda çoxdan keçməli olduğumuz mübarizə mərhələlərini tez bir zamanda sürətli keçmək gərəkdir.
Azadlıq verilmir alınır.

Gündüz Tahirli