“Kəklikotu” filmi narazılıq doğurdu – Ekran işində marixuana təbliğ olunur?

0
3
Azərbaycanda “Kəklikotu” adlı yeni film çəkiblər. Filmi sosial şəbəkələrdə ciddi müzakirə obyekti olub. Filmin süjet xəttinə görə, meyvə-tərəvəz satmaq üçün paytaxta gələn dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə kisəyə kəklikotu yox, narkotik maddə olan qurudulmuş marixuana doldurulub.
Narkotik tərkibli bitkiyə geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulmuş filmdə yer verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bu haqda məlumatı olanlar hətta filmə baxmadan belə, bunu narkotiklətin təbliğatı kimi qiymətləndirib.

Filmdə rol alan, tanınmış rejissor Kənan MM Modern.az-a açıqlamasında səsləndirilən fikirlərə münasibət bildirib:

“Həmin filmdə rejissor və ssenarist narkotiki təbliğ etməyib. Əgər filmin sonu mənfi qəhrəmanların xeyrinə bitsəydi, belə düşünmək olardı. Amma gördüyünüz kimi, mənfi qəhrəmanların xeyrindən söz gedə bilməz. Ona qalsaydı, gərək biz kinoteatrlarda heç bir filmə baxmayaq.
Filmin əslində ali məqsəd daşıyan mövzusu var. Yəni narkotik vasitələrdən istifadə etmək olmaz. Bu film “Oğlan evi”ndən sonra xoşuma gələn ilk komediya filmidir. Bu o deməkdir ki, pul və gözəl komanda olsa, insanları söyüşsüz də güldürmək olar. Mən orada heç bir işlədilən sözə gülmədim, yalnız vəziyyətə güldüm. “Kəklikotu” peşəkar film idi və çox bəyəndim”.

Tanınmış rejissor Əbdül Mahmudov
 qeyd edib ki, səsləndirilən fikirlər yanlışdır:

“Mən də filmin qala gecəsində iştirak etmişəm. Təəssüf edirəm ki, film haqqında bu cür fikirlər səsləndirilir. Film məişət komediyasında çəkilən aniktodsayağı oyundur. Nizamini, Füzulini,  Babəki, Hüseyn Cavidi, Üzeyir Hacıbəyovu bəyənmirlər və onların köhnə olduğunu, naftalin iyi verdiyini deyirlər. Dünyanın fəxr etdiyi vətəndaşlarımızı düşmən gözündə görənlər var. Buna heç bir şey deyən yoxdur. “Kəklikotu” filmini də peşəkar uşaqlar çəkib.  Mənim həmişə tənqid etdiyim aktyorlar, gəlin görün, bu filmdə necə rol ifa ediblər.
Film bir neçə gündür təqdim edilməsinə baxmayaraq yüz minlərlə baxış qazanıb. Ona qalsa,  gərək biz Molla Nəsrəddini yıxıb güllələyək. O şey ki, bir oyundur, sırf məişətimizlə bağlı tərzdir, onu elə də qəbul etmək lazımdır. Yeganə böyük kinodur ki, peşəkar insanlar çəkilib.  Nəzərə almaq lazımdır ki, “Kəklikotu” filmi çox az və çox çətin müraciət olunan məişət komediyası janrındadır”.

Rejissor bildirib ki, film əslində zamanın eybəcərliyinə güzgü tutur:

“Azərbaycanda yaxşı nə varsa, ona daş atırlar. Əgər filmdə dövlətçiliyə, xalqa, milli mənəviyyatımıza ziyan nəsə olsaydı, mən dünyanı dağıdardım. Bunu siyasiləşdirmək, milli don geydirmək, rəng qatmaq lazım deyil. “Kəklikotu” filmində narkotiki araya atıb sonradan bunun ifşa edilməsi nəyə desən dəyər. Filmdə murdar, narkomaniya mühiti tənqid olunur”.
Qeyd edək ki, “Kəklikotu” filminin ssenari müəllifləri Vüqar Huseynov və Talıb Əhmədov, rejissorları Cəfər Axundzadə və Vüqar İsmayılzadə, prodüser Tural Əsədov, baş redaktoru Xətai Əli, baş koordinatoru isə Zaur Darabzadədir.
Filmdə Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Əlixan Rəcəbov, Nigar Camal, Aqil M Quliyev, Kənan MM, Ceyhun Zeynalov, Samir Qulamov, Vüsal Hacıqədir və digər tanınmışlar rol alıb.