Dağlıq Qarabağda Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının filialı açılıb –Moskva buna nə üçün razılıq verib?

0
3
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Rusiyanın  Tibbi-Texniki Elmlər Akademiyasının filialı açılıb.

Strateq.az  bildirir ki, bu barədə Ermənistanın  tibb və kurortologiya  İnstitutunun  rəhbəri Benik Arutunyan açıqlama  verib.  Onun sözlərinə görə, filialın açılışı Yerevanda və Xankəndində sentyabrın 12-15-də keçirilmiş elmi konfransdan sonra mümkün olub. Bu konfransda Rusiyanın tanınmış alimləri iştirak edib.

Dağlıq Qarabağda açılmış filiala Qarik Aziryan, Edik  Quksyan, Ofeliya Dadayan, Anait Lalayan, Zoya Maqakelyan, Qaqik Oqanyan, Marine Tevosyan və Armen Xaçaturyan üzv qəbul olunub. Tibbi-Texniki Elmlər Akademiyasının vitse- prezidenti Marlen Bostancyan deyib ki, bu şəxslər Akademiyanın Rusiyada və xarici ölkələrdə keçirdiyi tədbirlərdə iştirak edə biləcəklər.

Qeyd edək ki, Rusiya Tibbi-Texniki Elmlər Akademiyası yeni tibbi texnologiyaların yaradılması və tətbiqi ilə məşğul olan elmi işçilərin toplaşdığı tanınmış birlikdir. Qurum 1993-cü ildə təsis edilib və SSRİ-nin Ümumittifaq Tibbi-Texniki Cəmiyyətinin varisidir.  RTTEA-nın təsisçiləri sırasında  səhiyyə sahəsində nəhəng elmi-tədqiqat institutlarının, sənaye və ali məktəblərin tanınmış mütəxəssis-alimləri yer alıb. Akademiya 2000 alim və mütəxəssisi birləşdirir. Onların sırasında dövlət mükafatı almış akademiklər, tanınmış ali məktəblərin professorları, nazirlik rəhbərləri var. Qurumun prezidenti Boris Leonovdur.

Akademiya bəyan edib ki, öz fəaliyyətində Konstitusiyanı, Rusiya qanunvericiliyini, Beynəlxalq hüququn normalarını əsas tutur.  Amma akademiklər nədənsə  unudublar ki, Dağlıq Qarabağdakı separatçı rejim sadiq olduqlarını bəyan etdikləri  Rusiya və beynəlxalq hüquq nörmalarına əsasən tanınmır.

Azərbaycan Xarici İşlər Nazirliyi yəqin ki, bunu ağsaçlı akademiklərin yadına salacaq.

X.SƏFƏRLİ