Azərbaycanda ürək-damar və xərçəng xəstəlikləri ilə bağlı ölüm halları 15 faizədək artacaq

0
4
“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2010-2020-ci illər ərzində Azərbaycanda Qeyri-infeksion xəstəliklər (QİX), o cümlədən, ürək-damar və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artması gözlənilir”.
Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti şöbəsinin müdiri Nabil Seyidov Tütünlə Mübarizə üzrə IV Milli Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, rəsmi statistikaya əsasən, ölkədə insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yeri isə onkoloji xəstəliklər tutur: “2008-ci ildə aparılmış təhlillərə əsasən Azərbaycanda bütün ölümlərin 87 faizi QİX-in payına düşür. Statistikanın təhlili göstərir ki, ürək-damar xəstəliklərindən ölənlərin sayı 51 faiz, xərçəng xəstəliyindən ölənlərin sayı isə 11 faizdir”.
Mərkəz rəsmisi əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq: “Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə (Azərbaycan orta gəlirlli ölkələrə aid edilir) baş verəcək. Bundan başqa, 2020-ci ilədək heç bir tədbir görülməsə dünyada və Azərbaycanda bütün ölümlərdə QİX-in payı 73 faizədək artacaq”.