Yeni il ərəfəsində əfv olmayacaq –Bu günə qədər Komissiyanın iclasları keçirilməyib

0
3
Hər il olduğu kimi, bu il də Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalanacağı gözlənilir.Konstitusiyaya görə, əfv sərəncamının verilməsi prezident İlham Əliyevin səlahiyyətindədir.

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az-a danışarkən təmsil etdiyi qurumda növbəti əfv sərəncamına hazırlıq üçün hər hansı toplantı keçirilmədiyini deyib:

“Azərbaycanda əfvlə bağlı sərəncam bir qayda olaraq, əlamətdar, tarixi günlərdə ölkə rəhbərliyi tərəfindən verilir. Amma sərəncam verilməsi nəzərdə tutulsaydı, Komissiya toplaşmalı idi. Bu günə qədər isə iclaslar keçirilməyib. Ona görə də ilin sonunda əfv olacağını düşünmürəm”.

Ə.Nuriyev Komisiyyanın toplaşmamasına rəğmən, prezidentin hər an belə bir qərar verəcəyini istisna etməyib:

“Müstəsna hüquq dövlət başçısnındır. İstənilən vaxt sərəncam verilməsi onun səlahiyyətindədir”.

Əfv Məsələləri Komissiyanın digər üzvü Rəşad Məcid də əfvlə bağlı gözləntilərə aydınlıq gətirərkən, təxminən eyni fikirləri səsləndirib: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilmir”. Komissiya üzvü fikrini belə əsaslandırıb: “Təbii ki, sərəncam verilməsi cənab prezidentin səlahiyyətində olan məsələdir. Amma əgər əfv olacaqdısa, indiyədək komissiya topalaşardı, iclaslar keçirilərdi. İndiyə qədər hər hansı iclas keçirilmədiyindən əfv olmayacaq”.

Respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib. Son illərin təcrübəsinə nəzər salsaq, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 2016-cı il istisna olmaqla cənab prezident tərəfindən əfv sərəncamları imzalanıb.