“Xudat Balıq”Açıq Səhmdar Cəmiyyətini kimlər “işğal” edə bilib?
Ölkə iqtisadiyyatının problemlərinə həsr edilmiş çoxlu sayda müşavirə, yığıncaq və hətta beynəlxalq tədbirlər keçirilib. Bununla belə, bu sahədə qanunsuzluqlar tükənmək bilmir. Keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verənlər, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində tüğyan etmiş korrupsiya əslində, digər sahələrdə də qanunsuzluqların baş alıb getdiyinin anonsunu vermişdi. MTN generallarının məhkəmələri bir daha təsdiq etdi ki, bir çox generallar, məmurlar “burun”larını hara gəldi soxublar. Xiyar-pomidor istixanaları, balıqçılıq üçün yaradılmış süni göllər və s…
Necə deyərlər,təhlükəsizliyimizdən sorumlu MTN generalları “dəryada balıq sevdası”na”düşüblərmiş. Nəticə bəllidi, qosqoca generallar rüsvayi-cahan olub, rabitə “boss”ları isə yaxınlarıyla belə rabitə yaratmaq prolemi yaşamaqdadılar. Bütün bu dəhşət saçan olayların gündəlik həyatımıza zərrə qədər təsiri olmayıb söyləsəm, əksəriyyət, yəqin ki, məni qınamaz. İndi bir çoxları mətbuatın üzərinə total hücum təşkil ediblər. Az qala təsdiq etmək istəyirlər ki, ölkəmizdə yaşanan bütün problemlərin səbəbkarı jurnalistlərdi. Bir neçə il öncə biz də belə hücumlara məruz qalmışdıq. Bilirsinizmi nələrdə ittiham olunurduq?! Bugün hamının cinayətlərindən söhbət aça bildiyi, hətta bəzilərinin tüpürcək yağışına tutdurmağa qədər cəsarətləndiyi MTN-nin quldur, dələduz generallarından zamanında yazmaqda. O zaman yazdıqlarımıza diqqət yetirilsəydi, 5-10 dəqiqə vaxt ayırıb bizi dinləyən tapılsaydı, düşünürəm ki, cinayətlərin sayı bu qədər çoxalmazdı.
Mətbuatı nahaq yerə “dördüncü hakimiyyət” adlandırmayıblar. Kütləvi İnformasiya Vasitələri (KİV) insanların dərd-sərlərini bölüşə biləcək son ümid yerləridi. Elə bu səbəbdən də “Xudat Balıq” zavodunun sabiq direktoru Güləhmədov Güləhməd illərdi ki, bir çox qəzet və saytların qapısını döyməkdədi. Deyir ki, heç olmasa ürəyimi boşaldıb, azacıq da olsa rahatlıq tapır. O, ömrünün ahıl çağında elə qanunsuzluqlarla üzləşib ki, razılaşa bilmir, ömrünün sonuna qədər itirilmiş haqq-hüququ uğrunda mübarizə aparacağını bəyan edir. Bu məqamda Güləhməd müəllimin dərdini, problemin köklü səbəblərini müəyyən etmək üçün, onun dəfələrlə Əmlak Məsələləri Dövlət Komitəsinin(ƏMDK) sədri Kərəm Həsənova ünvanladığı çoxsaylı ərizələrindən biri ilə tanış olmaq yetərlidi. O da məlumdur ki, Güləhməd müəllim haqqı tapdalanan birinci, əgər, belə davam edəcəksə ,böyük ehtimalla axırıncı şəxs deyil.
Ölkə prezidenti, cənab İlham Əliyev dəfələrlə belə mövzulara toxunaraq iş adamlarına təzyiqlər edildiyini, onların əmlaklarının, torpaqlarının zorakılıqla əllərindən alındığı barədə məlumatlar aldığını bəyan etmiş, belə qanunsuzluqların ciddi araşdırılacağını söyləmişdi. Düşünürəm ki, Güləhməd müəllimin təqdim edəcəyim ərizəsi ölkə prezidenti üçün dəyərli məlumat ola bilər. “Xudat Balıq” zavodunun sabiq direktoru Güləhməd Güləhmədov həmin ərizədə yazır:
“Hörmətli cənab sədr! Mən, Güləhmədov Güləhməd Nurməhəmmədoviç “Xudat Balıq”zavodunun direktoru, sonradan isə 2001-ci ildə özəlləşdirmə prosesi başladıqdan sonra səhmdar cəmiyyətinə çevrilən “Xudat Balıq”ASC-nin sədri olmuşam. Bildirirəm ki, səhmdar cəmiyyətin sədri vəzifəsinə məni Siz təyin etmişdiniz.Sizə müraciət etməkdə məqsədim “Xudat Balıq” ASC-nin hansı şəraitdə özəlləşdirilməyə başlandıgını və nəticəsi barədə Sizi məlumatlandırmaqdan ibarətdir. Əmlak Məsələləri Dövlət Komitəsində o zaman da məsul vəzifə tutduğunuzdan bilirdiniz ki, özəlləşdirmə prosesi bir neçə mərhələdə keçirilir. Beləki, ilkin özəlləşdirilmə mərhələsində Dövlət proqramına uyğun olaraq mən və rəhbərlik etdiyim “Xudat Balıq”zavodunun kollektivi lazımi sənədləri hazırlayaraq, qanunlar üzrə özəlləşdirmə prosesinə başladıq. Nə qədər çətin olsa da, kollektiv olaraq bu işin öhdəsindən gələ bildik.
“Auksion Mərkəzinə 11054 ədəd özəlləşdirmə çeki təqdim edərək qəbz aldım”
Beləki,uzunmüddətli mübarizəmizdən sonra, kollektivə satılmalı olan 15 faizlik güzəştli hissənin 13,4 faizini həmin zaman zavodda işləyənlər əldə edə bildi. Özəlləşdirmənin ikinci mərhələsində, qanunvericiliyə uyğun olaraq, 29 avqust 2002-ci il tarixində keçirilən çek hərracına çıxarılan Səhmdar Cəmiyyətin 56,6 faiz səhmlərini almaq üçün Auksion Mərkəzinə 11054 ədəd özəlləşdirmə çeki təqdim edərək qəbz aldım. Ancaq məni həmin hərracdan kənarda saxlamaq üçün ƏMDK -də min cür oyunlar qurdular. Buna baxmayaraq çeklərimi təqdim edə bildim. Hərracda başqa kimsənin iştirak etmədiyindən “Xudat Balıq” ASC-nin 56,6 faizini özəlləşdirdim. Hətta, “Mülkiyyət” qəzetinin növbəti sayında xəbər verildi ki, “Xudat Balıq” ASC-nin səhmlərinin satışı üzrə auksionda 75 nəfər iştirak edib və hərraca çıxarılan səhmlər 11054 çekə satılıb. Ancaq bir müddət sonra Sizin müavininiz Rüstəm Şahbazov mənə zəng edərək bildirdi ki, Auksion Mərkəzinə təqdim etdiyim çekləri geri götürüm. O, auksionda çeklərimin qəbul olunmadığını söyləyib və xəbərdar etdi ki, çekləri geri götürməsəm, çeklər batacaq. R.Şahbazov mənə qanuni bir səbəb göstərə bilmədiyindən və qanuna görə 55 faiz payın mənə və kollektivin digər üzvlərinə verilməli olduğunu bildiyimdən çekləri götürmədim. Söylədim ki, çek mənimdir, batırsa, qoy, batsın. Baxmayaraq ki, çek verildiyi gündən sonra auksion 30 gün müddətində keçirilməlidir, bu məsələ 2 il davam etdi və müəssisənin özəlləşdirilməsini yekunlaşdırmaq mümkün olmadı. Mənim qanuni haqlarımdan geri çəkilmədiyimi görən “Xudat Balıq”ASC-ni ələ keçirmək istəyən şəxslər Rüstəm Şahbazovla əlbir olaraq özəlləşdirmə məsələsini yoluna qoymağı ona tapşırdılar. Danışıqlardan birində R.Şahbazov açıq şəkildə mənə bildirdi ki, “Xudat Balıq”ASC-ni “yuxarılardan” biri özəlləşdirmək istəyir. Mən, onun qeyd etdiyi vəzifəli şəxslə görüşümdən hədsiz məmnun oldum. Beləki, həmin hörmətli məmur birmənalı olaraq bildirdi ki, “zavod sizin kollektivin qanuni haqqıdır, gedin qanuniləşdirin”. Bu görüşdən sonra bir daha R.Şahbazovla görüşdüm və məni üstünə göndərdiyi nüfuzlu məmurun münasibətini ona çatdırdım. Sonradan R.Şahbazov mənə telefon açaraq “Xudat Balıq”ASC -nin özəlləşdirilməsi barədə yeni təklifləri olacağını bildirdi.
“Bunun “yuxarıların” istəyi olduğunu bildirdilər”
Sabahısı gün R.Şahbazov mənə bir daha telefon açaraq, həm rəhbərlik, həm də “Xudat Balıq”ASC-nin özəlləşdirilməsində maraqlı olan şəxslə-İran İslam resbublikasının vətəndaşı Əhəd Purla razılıq əldə edildiyini bildirib, ertəsi gün saat 11-də onun qəbulunda olmağımı xahiş etdi. Həmin görüşə isə Əhəd Purun özü deyil, onun adamlarından sayılan Mehmanşah Həsənov gəldi. R.Şahbazov və M.Hüseynov mənə özəlləşdirdiyim 56,6 faiz paydan imtina edəcəyim halda, müəssisənin qalan 30 faizini pullu hərracda almağıma şərait yaradacaqlarına söz verdilər və bunun “yuxarıların” istəyi olduğunu bildirdilər. Dedilər ki, bu şərtə razı deyilsənsə, get başına çarə qıl. Bir çox görüşlərdən sonra mən bir şərtlə razı oldum ki, əvvəl müəssisənin 30 faizi mənə satılsın, sonra iki yerə bölünsün, çeklərim də qaytarılsın. Buna da razılıq verdilər. Müəyyən prosedurlar həyata keçirildikdən sonra 29 mart 2005-ci il tarixində “Xudat Balıq”ASC-nin 30 faizlik səhmi pullu hərraca çıxarıldı. Digər bir iddiaçı olmadığından hərracda 30 faizlik səhmin pulunu ödəyərək mən aldım. Bundan sonra Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Milli Depozit Mərkəzində müqavilə bağlayaraq reyesterdən çıxarışı da götürdüm. Növbəti ayda növbədənkənar iclasın keçirilməsi barədə “Respublika” qəzetində elan verildi. 19 avqust 2005-ci ildə növbədənkənar ümumi yığıncaq çağırıldı və müəssisənin bölünmə balansı təsdiq olundu.Yığıncaqda razılaşmamız elan olundu və biz razılaşma barədə protokol imzaladıq.Balans təsdiq olunandan sonra aramızda olan razılaşma protokoluna əsasən işlərə nəzarət R.Şahbazov tərəfindən keçirilməli idi. O, buna əməl etmədi. Vaxt isə uzanırdı.
2006-cı ildə Siz, yeni yaradılan Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin sədri, Rüstəm Şahbazov isə Sizin müavininiz təyin olunduqdan sonra özəlləşməyə nəzarət bütövlükdə sizin nəzarətinizə keçdi. Məhz bundan sonra Mehmanşah Həsənov “Xudat Balıq”ASC-ni tam ələ keçirmək üçün məni məhkəməyə çəkdi. Mənə isə söylədilər ki, biz səni R.Şahbazovun köməyi ilə aldada bildik. Cənab Kərəm Həsənov, sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərim barədə mənə son qərarınızı bildirəsiniz. Ona görə ki, mən hər dəfə R.Şahbazova müraciət etdikdə , o, get məhkəməyə müraciət et, bu iş bizlik deyil deyir.”
Ərizədən görünür ki, Güləhməd müəllimi aldatmaq üçün ƏMDK rəhbərliyi əllərindən gələn bütün qanunsuzluqları əsirgəməyiblər. İndi, “Xudat Balıq” ASC-dən demək olar ki, əsər-əlamət qalmayıb. Müəssisəni ələ keçirənlər nə balıq, nədə ki, müəssisənin gələcəyi barədə heç nə düşünməyiblər. Artıq 12 il keçməsinə baxmayaraq “Xudat Balıq”ASC-nin bir zamanlar səmərəli olan fəaliyyətinə bənzər nə isə yaradılmayıb. Güləhməd müəllimin əlində olan lahiyələrdən görünür ki, sabiq direktor müəssisənin gələcəyi barədə düşünübmüş:”İnvestorlar cəlb etmək istəyirdim.”Xudat Balıq”zavodu gözəl ənənələrə malik bir müəssisə olmuşdu. Ömrünü, gününü bu müəssisəyə sərf etmiş təcrübəli balıqçılıq mütəxəssislərimiz var idi. Onların hamısının haqları əllərindən alındı. İş orasındadır ki, müəssisəmizi sözün əsil mənasında işğal edənlər yeni heç nə yaratmadılar. Onlarla iş yerləri bağlandı. Nə qədər şikayətlər etsəm də, məni yenidən ƏMDK-ə göndərirlər. Bütün bu qanunsuzluqların başında Kərəm Həsənov durubsa, o, özü barədə nə tədbir görəcək? İnanın ki, müəssisəmizin yeni formada inkişafı üçün perspektivli lahiyələrimiz var idi. Bu isə yüzlərlə yeni iş yerlərinin açılmasına xidmət göstərəcəkdi. Buranı ələ keçirənlər isə, bizim illərlə qurub-yaratdıqlarımızı xaraba qoydular.”
Bu sözləri Güləhməd müəllim ürək ağrısıyla söyləyir. Araşdırmalarımız isə onu söyləməyə əsas verir ki, “Xudat Balıq” zavodunu ələ keçirmiş şəxslərin heç də balıqçılıq sənayesini inkişaf etdirmək, yeni iş yeri açmaq kimi planları yox imiş. Onları maraqlandıran müəssisənin balansında olan 1040 hektar torpaq olub ki, onu da zorakılıqla ələ keçiriblər. Buna isə Kərəm Həsənovun təbirincə özəlləşdirmə deyirlər. Mövzunu hazırladığım zaman internetdə Kərəm Həsənov və ƏMDK barədə axtarış apardım. Müsbət heç bir nəticə olmadı. Amma, ruhdan düşmək lazım deyil. Məlumatlar bir daha təsdiq etdi ki, K.Həsənov ləğv edilmiş MTN-nin sabiq naziri Eldar Mahmudovun ən yaxın dostlarından biri olub. Yəni, həm də, birgə qanunsuz əməllərə çox imza atıblar. E.Mahmudovun üzü indi tüpürcəkli olub deyirlər. Belə bir deyim var;”bu dağa qar yağıbsa, o biri daga xəbərdi”. Siz də ruhdan düşməyin, Güləhməd müəllim, xəbər gözləyin! Xoş xəbərlər mütləq olacaq…
Nicat Sadiq
Adları çəkilən şəxslərində mövqeyini işıqlandırmağa hazırıq.