“Ölkənin strateji valyuta ehtiyatlarına mütləq qənaət edilib” –Elman Rüstəmovdan manatla bağlı şərh

0
4
“Profisitli tədiyyə balansı şəraitində valyuta bazarında manatın məzənnəsi sabitləşib”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, manat ilin əvvəlindən 4%, fevral ayının sonundan isə 11,5% möhkəmlənib. E. Rüstəmov qeyd edib ki, son 9 ayda milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub: “Lakin manatın daha əhəmiyyətli möhkəmlənməsi bir sıra makro və mikro risklərin reallaşmasına yol açardı. Mikroiqtisadi baxımdan başlıca olaraq yaranan yeni ixrac istiqamətlərinin və investisiyaların destimulyasiyası və rəqabət qabiliyyətinin aşağı düşməsi, makroiqtisadi baxımdan isə tədiyyə balansının pisləşməsi, idxalın artması, xarici yeni şoklara qarşı həssaslığın yüksəlməsini qeyd etmək olar.

Həyata keçirilən makroiqtisadi yenidən balanslaşma neft gəlirlərindən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi pik ilindəkindən 3 dəfə azalıb və ölkənin strateji valyuta ehtiyatlarına həm nisbi, həm də mütləq qənaət edilib”.

APA