Açılış mərasimində çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, herontologiya və heriatriya üzrə məktəb qocalmanın demoqrafik aspektləri, keçid iqtisadiyyatlı ölkələrdə yaşlı insanların problemlərini tədqiq edən multidissiplinar təhsil proqramıdır. O deyib ki, dünya ölkələrində insanların orta yaş göstəriciləri ilbəil artır ki, bu artım da əsasən iqtisadi cəhətdən inkişaf edən ölkələrin payına düşür. Əhalinin qocalması probleminin ölkəmizdə də özünü göstərdiyini vurğulayan akademik qeyd edib ki, demoqrafik statistikaya görə Azərbaycanda əhali arasında 65 və daha yaşlı insanların xüsusi çəkisi tədricən artır.
Açılış mərasimi təlimlə davam etdirilib. Təlim zamanı BMT Malta Beynəlxalq Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza və digər şəxslər məruzələrlə çıxış ediblər. Təlimlər noyabrın 15-dək davam edəcək. İştirakçılara BMT Malta Beynəlxalq Qocalma İnstitutunun sertifikatları təqdim olunacaq. (APA)