Siyasi partiyalar bir araya gələcək –ADP danışıqlar aparır

0
3
“Tək prezident seçkilərini deyil, ölkənin ümumi vəziyyətini ətraflı müzakirə etməliyik”.

Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında müxalif siyasi qüvvələrin rəhbərləri arasında məsləhətləşmələrin başladığını deyib.

ADP sədrinin sözlərinə görə, yaradılması nəzərdə tutulan məşvərətçi qurumda siyasi partiyalarla yanaşı, nüfuzlu ictimai qurumların təmsilçiliyi də nəzərdə tutulub. Cəlaloğlu qeyd edib ki, indiki ərəfədə müxalifət partiyaları arasında geniştərkibli müzakirələrin təşkilinə ciddi ehtiyac var: “Həm də bu müzakirələr tək prezident seçkilərini əhatə etməməlidir. Azərbaycanın daxilində və regionda gedən proseslər müxalifətin baş verənlərə münasibətini ortaya qoymasını zəruri edir. Bu çərçivədə təbii ki, qarşıdan gələn prezident seçkiləri də xüsusi yer tutur. Müxalifət partiyaları bu məsələni müzakirə etməli, seçkilərə vahid namizədlə, yoxsa koordinasiyalı fəaliyyət əsasında 5-6 namizədlə qatılması məsələsini qətiləşdirməlidir.

Qeyd edim ki, artıq bu müzakirələrin təşkili istiqamətində şəxsən mənim də iştirakımla bəzi partiya sədrləri ilə görüşlərimiz olub. Məqsəd müxalifət partiyalarının məşvərətçi qurumunun yaradılmasıdır. Görüşdüyümüz partiya rəhbərləri – məsələn, VİP sədri Əli Əliyev, AMİP lideri Etibar Məmmədov, Ümid partiyasının sədri İqbal Ağazadə – bu təşəbbüsə müsbət yanaşıblar və formatda iştiraka razılıq veriblər. Məsləhətləşmələr davam edir və prosesin yekununda hansı partiyanın bir araya gəlmək istəmədiyi də məlum olacaq.Nəzərdə tutulan formatda partiyalarla yanaşı, ictimai təşkilatların da təmsil olunması məqsədəuyğun sayılıb”.