“Tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz Bakı-Tbilisi-Qars dəmir yolunu iqtisadi cəhətdən çox cəlbedici etməkdir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Yevronyus” telekanalının müxbirinə müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, Asiyadan Avropaya və Avropadan Asiyaya Bakı-Tbilisi-Qars dəmir yolundan qısa yol yoxdur: “Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu iqtisadi cəhətdən də çox cəlbedici etməkdir.Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir”.
İlham Əliyev bildirib ki, layihənin gerçəkləşməsi tarixi hadisədir: “Bu yol qitələri, Avrasiyanı birləşdirir. Bu, Asiya ilə Avropa arasında ən qısa yoldur. Azərbaycan Türkiyə və Gürcüstan ilə birlikdə onun tikintisində çox fəal iştirak edib. Çox şadam ki, bu gün biz birlikdə tarixi hadisəni qeyd edirik: Türkiyə Prezidenti, gürcüstanlı, qazaxıstanlı, özbəkistanlı dostlarımız – baş nazirlər, Türkmənistandan, Tacikistandan nazirlər. Yəni, onların iştirakı bu layihənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu, ən qısa, ən etibarlı yoldur. Bu yol bütün region üçün firavanlıq, sabitlik, inkişaf gətirəcək”.
Müxbirin strateji vəzifələrin nədən ibarət olduğu və gözləntilərlə bağlı sualına cavabında Prezident deyib: “Biz bu yolla, Azərbaycan ərazisi vasitəsilə yüklərin tədricən 17 milyon tona qədər artacağını gözləyirik. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir. Düşünürəm ki, bu yolun iqtisadi cəhətdən böyük əhəmiyyəti var. Bu yol boyunca yerləşən bütün ölkələr ondan istifadə edəcəklər. Çünki yenə də deyirəm, bu, ən qısa yoldur. Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu, həmçinin iqtisadi cəhətdən çox cəlbedici etməkdir. Buna görə də biz bunun üzərində birlikdə işləyəcəyik”.