Demək olar ki, hər gün sərhəddən qanunsuz mobil telefon keçirmə hallarının aşkarlanması ilə bağlı xəbərlər yayılır. FED.az xəbər verir ki, qanunsuz hesab olunan bu telefonlar müsadirə edilir, buna yol verənlər isə cərimələnirlər.
Bəs, şəxsi istifadə məqsədilə, yəni özü və ya ailə üzvləri üçün xarici ölkələrdən telefonu necə gətirmək olar? Telefon gətirəndə nə qədər rüsum-vergi ödənilir? Xaricdən ən çoxu nə qədər mobil telefon gətirə bilərik?
Rüsumsuz və cəriməsiz gətirə bilərsiniz
FED.az ölkə vətəndaşlarının böyük əksəriyyətini maraqlandıran bu məsələni araşdırıb. Dövlət Gömrük Komitəsindən (DGK) FED.az-a bildirilib ki, xarici ölkələrdən Azərbaycana mobil telefon gətirmək müəyyən şərtlər daxilində qanunsuz hesab olunmur. Gətirilən telefonun qiyməti 1000 ABŞ dollarından yuxarı deyilsə hər hansı bir vergi və ya rüsum alınmır.
Əgər ümumi məbləğ 1000 dolları keçmirsə, xaricdən rüsum ödəmədən hətta iki telefon da gətirmək mümkündür. Həmin telefonların qiymətlərinin cəmi 1000 ABŞ dollarını keçmədiyi halda hər hansı bir vergi və ya rüsum tutulmur.
Qiymət 1000 dolları keçəndə vəziyyət dəyişir
Əgər gətirilən telefonların (yərqi yoxdur 1 və ya 2) toplam qiyməti 1000 ABŞ dollarını keçərsə, o halda 1000 dollardan artıq hissənin rüsumu (36%) ödənilir. Məsələn, telefonların toplam qiyməti 1200 dollardırsa, 1000 dollardan artıq olan 200 dolar 36%-lə rüsuma cəlb edilir və 72 dollar ödənilir.
Bəs telefonun qiyməti necə müəyyən olunur?
Digər mühüm detal gətirilən telefonun qiymətinin müəyyən olunmasıdır. DGK-dən bildirilir ki, bu halda telefonun xaricdən alındığı qiymət əsas götürülür və alış-veriş zamanı həmin ticarət obyektinin təqdim etdiyi qəbz yetərli sayılır.
Ayda bir telefon gətirmək olar
Komitədən bildirilib ki, vətəndaşlar, yuxarıda qeyd olunan şərtlərə əsasən və qeyd olunan sayda il boyunca hər ay mobil telefon gətirə bilərlər. Yəni xarici ölkədən bir ay ərzində müvafiq qaydalara əsasən telefon gətirən şəxslərə növbəti aylar ərzində bu halın təkrarlanmasına görə rüsum, vergi və ya cərimə tətbiq olunmur.
Yuxarıdakı şərtlər mobil telefon ticarəti ilə məşğul olan, məsələn xarici ölkədən ay ərzində 10 ədəd telefonu satmağa gətirənlər üçün də keçərlidir. Xatırladaq ki, qiyməti 1000 ABŞ dollarını keçərsə, o halda limit kimi qəbul edilən 1000 dolların yox, ondan yuxarı olan hissənin rüsum ödənilir. Bu rüsum da 36% həcmində qiymətləndirilir.
Telefonu satış üçün də gətirmək olar
DGK-dən bildirilib ki, ümumiyyətlə ölkəyə bəyan edilməklə və vergi rüsumu ödənilməklə istənilən sayda telefon gətirmək olar. Azərbaycanda gətirilən mobil telefonların ümumi məbləği 1000 ABŞ dollarını keçərsə bu zaman, telefonu gətirən şəxs sərhəddəki gömrük əməkdaşlarına bu barədə məlumat verir və məhsulun qəbzi təqdim olunarsa gətirilən telefon qanunsuz hesab olunmur və buna hər hansı cərimə tətbiq edilmir.