Strateq.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, 2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə məlumat daxil olub:
“Məlumatın dəqiqləşdirilməsi məqsədilə aparılan yoxlamalarla E.Məmmədov və İ.Əzimovun noyabrın 1-i saat 23 radələrində sonuncuya məxsus avtomobildə paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib.
Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının nəqliyyat vasitəsini polis postunda saxlamaq barədə qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürüb və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər.
Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə E.Məmmədov və İ.Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər. Digər yaralı A.Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Ş.Bəyəlizadə saxlanılaraq tutulub.
Cinayət törətməkdə təqsirləndirilən E.Məmmədovun və adları çəkilən digər şəxslərin olduğu avtomobilə baxış zamanı iki ədəd “Makarov” markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş əzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilərək götürülüb.
Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.