İctimai işlər cəzası belə cəzaya məhkum olunmuş şəxslərin əsas işindən və ya təhsilindən asudə vaxtında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai‑faydalı işləri yerinə yetirməsindən ibarətdir.
İctimai işlər cəzasına məhkum olunmuş şəxslər aşağıdakı işlərə cəlb edilə bilərlər:
– şəhər, rayon ərazisinin, küçə, park və meydanların, yolların, abadlaşdırılması və təmizlənməsi (o cümlədən, yaşıllaşdırılması, qar və yağış sularının fəsadlarının aradan qaldırılması);
– məişət tullantılarının (əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyaların, maddələrin və materialların, tullantıların) yığılması (toplanılması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması;
– yaşayış ərazilərinin, xəstəxanaların, məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin, yataqxana və pansionatların, sosial xidmət müəssisələrinin, habelə sosial sferanın digər obyektlərinin tikintisi və təmiri;
– kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi;
– təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması;
– ictimai əhəmiyyətli digər işlər.
İctimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin keçiriləcəyi yerlər müəyyənləşdirilən zaman onların təhsilindən və ya əsas işindən sonra asudə vaxtlarında yerinə yetirə biləcəyi işlər əsas götürülməli, onların yaş dövrünə uyğun psixoloji cəhətləri nəzərə alınmalıdır.
Yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınır:
-yetkinlik yaşına çatmayanların təhsili və ya əsas işi;
– yetkinlik yaşına çatmayanların cinsi mənsubiyyəti;
– yetkinlik yaşına çatmayanların yaş dövrünə uyğun fiziki sağlamlığı və psixoloji cəhətləri;
– həyatı qavrama baxışları.
İctimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyən edilən zaman kənardan hamının sərbəst şəkildə görə bilmədiyi, həmçinin, belə işlərin icrasının digər şəxslər tərəfindən foto və video çəkilişlərinin aparılması mümkün olmadığı işlərə və iş yerlərinə üstünlük verilməlidir.