“ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən olunur. ABŞ hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir”.
Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-ın Miçiqan ştatının senatının Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tanımasına dair qətnamə qəbul etməsi barədə xəbərə münasibət bildirərkən deyib. H. Hacıyev bildirib ki, ABŞ-ın bu mövqeyi bir daha 22 sentyabr tarixində BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM Xarici İşlər Nazirləri Şurası və ABŞ arasında keçirilmiş görüşdə qəbul edilmiş yekun bəyanatda öz təsdiqini tapıb.
“Bəyanatda ABŞ-ın Helsinki Yekun Aktına uyğun olaraq GUAM üzv dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə sadiqliyi bir daha bəyan edilir. Həmçinin, GUAM-a üzv dövlətlərinin məruz qaldığı gücdən istifadə təhdidinə münasibətdə narahatlıq ifadə olunur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlar yolu ilə həllinə və regionda davamlı sülhün təmin olunmasına töhfə vermək əvəzinə Ermənistan, ABŞ-dakı erməni lobbisi və onun təsiri altında olan bəzi şəxslər özlərini gülünc vəziyyətinə qoyan bu kimi lüzumsuz fəaliyyətlə məşğul olurlar”, – deyə XİN sözçüsü qeyd edib.