Tarixi saxtalaşdırmaq ən böyük cinayətdir…

0
24

Məqsədiniz nədir cənablar, bəylər?!

Son zamanlar mərhum prezidentlər -Əbülfəz Elçibəy və Heydər Əliyev barəsində uydurulmuş məlumatlar yaymaq dəb olub. Sirr deyil ki, bu təsadüfi deyil, yazıların sifarişli oldugu açıq-aşkar hiss olunur.Əfsuslar olsun ki, Ə.Elçibəyin xidmətlərinə kölqə salmaq istəyənlər, bir zamanlar onun inamını qazanıb, prezidentliyi dövründə kifayəyət qədər bəhrələnənlərdi. Məqsəd bəllidir, həmin şəxslər çağdaş tariximizi bilərəkdən saxtalaşdırıb, Əbülfəz Elçibəyi cəmiyyətə Heydər Əliyevin tərəfdarı kimi təqdim etmək niyyətlərini gizləyə bilmirlər.Utanıb-qızarmadan H.Əliyev və Ə.Elçibəyin guya gizli siyasi oyunların iştirakçıları olduqlarına işarə vuranlar da tapılıb. Ələbaxan medianın nümayəndələri isə pərdə arxasında dayanmış sifarişçilərin “həvəsləndirmə” tədbirləri sayəsində belə yazıları, müsahibələri tirajlamaqda xüsusilə maraqlı görünürlər.

Bədnam “kompaniya”nın gəldiyi qənaətə görə, guya, Ə.Elçibəy bütün göstərişləri məxfi olaraq H.Əliyevdən alırmış. Hələ ortalıqda məxfi məlumatların, göstərişlərin “poçtalyon”ları da varmış… Ayıbdı, Vallah. Bu dünyalarında rahatlıq vermədiz, barı indi narahat etməyin. Açıq söyləyim, mənim hər iki şəxsiyyətə daima böyük hörmətim olub. Etiraf edirəm ki, bəzən tənqidi yanaşmalarım da olub. Bununla yanaşı həm Ə.Elçibəyin, həm də H.Əliyevin Azərbaycan tarixindəki inkaredilməz xidmətlərini obyektiv təbliğindən qətiyyən çəkinməmişəm. Onların hər biri ayrı-ayrı önəmli missiyanı yerinə yetiriblər. Ə.Elçibəy böyük Türkçü millətsevər, H.Əliyev isə Azərbaycançı dövlətsevər idi. O da bir faktdır ki, H.Əliyev Milli Azadlıq Hərəkatına rəğbətlə yanaşmış,1990-cı ilin yayında Azərbaycana qayıdışından sonra həmin hərəkatın öndərlərindən biri olmuşdur. Sirr deyil ki, onun qayıdışı hərəkata stimul vermiş, şahidi və fəal iştirakçısı olduğum hadisələrə rəğmən Milli Azadlıq Hərəkatının idarə olunan, proqramlı ikinci mərhələsinə “start” verilmişdi. Təəssüf ki, AXC-də təmsil olunmuş bəzi qaragüruh qüvvələr həmin dövrdə H.Əliyev şəxsiyyətinə qısqanclıqla yanaşmış, müxtəlif təxribatlara əl atıb, onunla münasibətlərin pozulmasına nail ola bilmişdilər. Qəribədir, indi, məhz həmin qüvvələrin təmsilçiləri ağızdolusu H.Əliyevə mədhiyyələr söyləyir, Ə.Elçibəyi isə onun əlaltısı kimi təqdim etməyə çalışırlar.

ramiz elcibey

Bəziləri hətta iddia edirlər ki, guya, H.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilməsi Ə.Elçibəyin təşəbbüsüylə baş tutubmuş. Bu böyüklükdə yalana imza atmağın nə qədər günah olduğundan xəbəriniz varmı, bəylər?! Axı, Ali Məclisin o zamankı deputatları hələ sağikən, nədən bu qədər həyasızlıq edib, çağdaş tariximizə qara ləkə salırsınız?!

İndi, mən, həmin tarixdən şahid olduğum anlara aydınlıq gətirməyə çalışacağam.Tarixin hər anı mənim üçün şərəf, ləyaqət, vicdan məsələsi olduğundan millətimə hadisələri obyektiv çatdırmağı müqəddəs borcum hesab edirəm.

1991-ci ilin 3 senyabrı idi. Naxçıvan MR-ı Ali Məclisinin növbəti sessiyasına toplaşmışdıq. Gündəlikdə Ali Məclisə sədr seçilməsi dururdu. Bir neçə gün öncə Əkbər Əliyev sədrlikdən istefaya göndərilməsi səbəbindən həmin vəzifəni sədrin birinci müavini Rəşid Həsənov icra edirdi. Qeyd etməyi özümə borc bilirəm ki, Əkbər Əliyev ləyaqətli insan idi. Yeganə səhvi kommunist ideyalarına sona qədər sədaqətli olmasındaydı. Sessiya başlamamışdan öncə əsasını AXC üzvlərinin təşkil etdiyi “demblok”un yıgıncağınını keçirdik. AXC Naxçıvan Vilayət şöbəsinin tövsiyyəsinə əsasən “demblok” ingilis dili müəllimi Qafar Məmmədovun namizədliyini irəli sürüb, onu sona qədər dəstəkləməliydi. Təklif “demblok”un yığıncağında səsə qoyuldu və əksəriyyət Q.Məmmədovun lehinə səs verdi. Mən və digər iki deputat təklifə öncədən etiraz etdiyimizdən əleyhinə səs verdik. Ona görə yox ki, Qafar müəllimi sevmirdik, əksinə, bizim də onunla dostluq münasibətimiz var idi.

Ancaq idarəçilikdə heç bir təcrübəsi olmayan Qafar müəllimə “blokada” şəraitində yaşamağa məhkum edilmiş Naxçıvanın taleyini etibar etməyi tarixi məsuliyyətsizlik hesab edirdik. Düşünürdüm ki, AXC-nin Naxçıvanın idarəçiliyindəki uğursuzluğu Azərbaycan Milli Azadlıq Hərəkatına zərbə vura bilər.

“Demblok”un səsverməsindən sonra yığıncaq keçirdiyimiz zala H.Əliyev daxil oldu. Ortalığa qəribə bir sükut çökdü. H.Əliyev təəccüblə mənə “Ramiz, nə olub, bu nə səssizlikdi belə” sualını verdi. Yığıncaqda baş verənlərdən söhbət açıb, öz mövqeyimi açıqladım. O, mənim namizədimin kim olacağını soruşduqda ,”bu da Tanrının verdiyi şansdır ki, siz Naxçıvandasınız. Bu tarixi məsuliyyəti yalnız siz üzərinizə götürə bilərsiniz”-dedim. H.Əliyevin necə əsəbləşdiyinə şahid olanlar, indi, nə üçün susurlar, bu doğrudan təəccüb doğurur. Bu bir həqiqətdir ki, H.Əliyev Naxçıvana rəhbərlik etmək istəmirdi. Nə bilim, bəlkə də daima yüksək vəzifələrdə olduğundan, həmin vəzifəni qəbul edə bilmirdi. Sessiya öz işinə başladı və mən sona qədər öz mövqeyimdə dayandım. H.Əliyev qəti etiraz etdiyindən sessiyada bir neçə dəfə fasilə yarandı. Onu razı salmaq üçün saatlarla təkbətək söhbətimiz oldu. Nəhayət ki, H.Əliyevi razı sala bildik.

ramiz heyder 2

Nəticədə AXC-nin bir çox öndə gedənləriylə aramda dərin uçurum yarandı. Bu mənim səhvim və ya düz addımım olubsa, təbii ki, qiymətini vermək qoca tarixin işidi. Ancaq tam qətiyyətlə söyləyirəm, həyatımda olan səhvlərim, düzlərim yalnız özümə məxsusdur. Bu tarixi gerçəklikləri xatırlatmaqla indiki iqtidardan umacağım birmənalı yoxdur. Sag olsunlar, doyunca “mükafat”landırıblar. Zatən, iqtidarın özü Heydər Əliyev dövlətçilik kursundan çoxdan ayrı düşmüş kimidi. Bu iqtidara yalnız H.Əliyevin adı lazımdır. Vəssalam!!! Yoxsa, ona silah çəkənlər, təhqir və xəyanət edənlər parlamentə, hakimiyyət strukturlarına yol aça və ya mükafatlandırıla bilərdilərmi?!

 

İndi sual dogur; Ə.Elçibəy H.Əliyevin Naxçıvan Ali Məclisinə sədr seçilməsini istəmişdisə onda nədən Naxçıvan cəbhəçiləri Q.Məmmədovun namizədliyi üzərində təkidlə dayanmışdılar? Və yaxud, 25 oktyabr 1992-ci il tarixində bir qrup AXC üzvünün Naxçıvanda H.Əliyevin üzərinə silahlı basqın etməsi Ə.Elçibəyin H.Əliyevə olan sevgisinin nəticəsiydi? Tarix millətimizin ən ağrılı yerlərindən biridir. Nə qədim, nədə ki, çağdaş tariximizi doğru-dürüst ortaya qoya bilməmişik. Nəticə bəllidir, hələ də əksəriyyətimiz milli kimliyimizin mübahisəsini aparırıq. Yalanlar üstündə yazılan tarixin isə bir neçə günü olsa da, sabahları olmur.

 

Bəli, H.Əliyev Naxçıvanda olarkən Milli Azadlıq Hərəkatına açıq dəstək verir, AXC-yə rəğbətini gizlətmirdi. Təsəvvür etmək çətin deyil, o, Ali Məclisə sədr seçilən zaman AXC üzvü olan iki şəxsi özünə müavin təyin etdi. Becan Fərzəliyev məhz onun sayəsində baş nazir seçildi. Ən əsası, H.Əliyevin yaratdığı Naxçıvan Müdafiə Komitəsi demək olar ki, cəbhəçilərin ixtiyarına verildi. Bu əslində bir ordu idi. Gəlin açıq danışaq, H.Əliyevin AXC-yə etimadı olmasaydı silahlı qüvvələri onlara etibar edərdimi?! Bu bir gerçəklikdir ki, vəzifələrinin öhdəsindən gələ bilməyənlər cox zaman “intriqa”lara baş vurmaqla “bulanıq suda balıq tutmaq” sevdasına düşüb, bacarıqsızlıqlarını ört-basdır etməyə çalışıblar. İndi, psevdodemokratların səviyyələrini görmürükmü?! İndi belədirlər, təsəvvür etmək çətin deyil o zaman nə gündə olublar.

Məhz onların cılız “intriqa”ları, yersiz iddiaları nəticəsində böyük Millətsevər, dünyanın ən təmiz vicdanlı hesab oluna biləcək şəxsiyyəti Əbülfəz Elçibəy çətin duruma düşdü. İndi, həmin yaramazlar Ə.Elçibəy və  H.Əliyevin tarixi xidmətlərini gözdən salmaq üçün onları gizli işbirliyində suçlamaq növbəsinə düzülüblər. Birmənalı söyləyirəm, Ə.Elçibəy hakimiyyəti öz istəyi ilə heç bir zaman təhvil verməyib və imkanı, dayağı olsaydı hakimiyyətini qoruyub saxlayardı. Onun hakimiyyətdən getməsi tarixi şəraitlə bağlıydısa, H.Əliyevində hakimiyyətə gəlməsi bir o qədər tarixi zərurətdən doğdu. Və nə yaxşı ki, həmin zaman qeyriləri deyil, məhz H.Əliyev rəhbərliyə gəldi. H.Əliyevin dünyasını dəyişməsindən sonra baş verənlər isə tam başqa mövzunun söhbətidir. Onun zamanında gecələr yuxuları ərşə çəkilən məmurların sonradan ölkəni çapıb-talamasına özlərindən savayı kimsənin əhsən deyəcəyini əsla ağlıma gətirə bilmirəm.

H.Əliyevi yaxından tanıdığımdan qətiyyətlə söyləyirəm, o, heç bir zaman məmurların bu cür talançılığına göz yummaz, quduranları qırx gün belə vəzifə başında saxlamazdı. Bəzən mənə sual verirlər; bir zamanlar H.Əliyevə dəstək verməyimdən peşmanammı? Əlbəttə yox, deyirəm. Həm onunla, həm də Ə.Elçibəylə birgə addımladığım günlərimdən daima qürur duymuşam. Ölkəmə, Millətimizə xidmət göstərmişik. Onların etimadını dogrultmağa çalışmışam. H.Əliyevin mənə göstərdiyi etimad sizlərə təqdim etdiyim sənəddə bir daha öz təsdiqini tapır.

sened ramiz

Açıq söyləyim, indi talançıların, yalançıların hökm elədiyi, meydan suladıqları bir zamanda yaşamağımdan xəcalət çəkirəm. Tanrı hamımızı xəcalətdən, xəyanətdən qorusun!

 

Ramiz Tağıyev