Məkkə məscidinin imamı Həcc ziyarətindən yazdı:“Belə getsə, bu mərasim varlıların əyləncəli tətilinə çevriləcək”

0
3
 “The İndependent” İngiltərənin Leeds şəhərindəki Məkkə Məscidinin imamı Qari Asimin Həcc ziyarəti haqqında məqaləsini dərc edib.

İmam yazır ki, bu həftə müsəlman zəvvarlar 5 gün davam edəcək Həcc ziyarətinə başlayırlar. Həcc dünyanın ən böyük insan toplantısıdır. Həccə gələnlərin sayı 1930-cu illərdəki 30 min nəfərdən indi 2 milyona çatıb: “Bu həftə müsəlmanlar Səudiyyə Ərəbistanındakı Məkkə şəhərinə – peyğəmbərin doğulduğu yerə səfər edəcəklər ki, Allahı həyatlarının mərkəzinə gətirsinlər. Bu həm fərdi, həm də kollektiv təcrübədir. Həcc həm də İslamın 5 sütunundan biridir və imkanı olan hər bir müsəlman bura ömründə heç olmasa bir dəfə səfər etməlidir”, -imam yazır.

Bundan sonra imam məqaləsində məhz həmin bu “imkan” mövzusuna keçir və yazır ki, indi bu böyük hadisəyə maddiyyatın getdikcə artan müdaxiləsindən narahatlıq keçirir.

İmamın fikrincə, Böyük Məscidin ətrafında bərq vuran aşırı maddiyyatçılıq Həcc ziyarətinin ruhaniliyinə mənfi təsir göstərir. İndi dünyanın ikinci ən hündür binası – Saat qülləsi Böyük Məscidin kandarı üzərindən ucalır. İmamın fikrincə bərq vuran bu göydələn indi, həm də İslamın ən müqəddəs şəhərində yoxsul və varlı müsəlmanlar arasında böyüyən fərqi nümayiş etdirir. Bu dəbdəbə həm də İslamın bərabərlik dəyərləri barədə suallar yaradır.

İmam yazır ki, o Səudiyyə hökumətinin milyardlarla dollar xərcləyərək müsəlmanların istirahət və əyləncəsi üçün şərait yaratmaq cəhdlərini alqışlayır, lakin şəhərə sirayət edən ifrat kapitalizmdən də narahat olur. Məqalədə deyilir ki, eyni zamanda keçmişin əsrlərdən gələn tarixi və dini irsi silinib gedir.

Müəllifin fikrincə, ən böyük qəribəlik də bundadır ki, zəvvarların çoxu London və Şanxayın, New York və ya Cakartanın göydələnlərini arxada qoyaraq bura gəlirlər. Onlar yaşadıqları yerin materializmindən yaxa qurtarıb Allahı sadəlik və minimalizmdə tapmağa çalışırlar, amma əvəzində böyük pulların cərəyan etdiyi ticarət mərkəzləri və dəbdəbəli otellərlə qarşılaşırlar. İmam yazır ki, lüks otellər Həccin təcrübəsini varlı müsəlmanlar üçün tamamilə dəyişib, amma eyni zamanda imkansız müsəlmanlar qalmaq yer tapmaqda çətinlik çəkirlər.

Həcc günlərində ifrat istehlakçılıq ibadətdən yayındırır, qardaşlıq və həmrəylik kimi dəyərlərin yaşanmasını mümkünsüz edir. İmam yazır ki, hərəkət infrastrukturu, güclü arxitektura və gur ticarət ziyarətə milyonların gəldiyi nəzərə alınarsa gərəklidir. Lakin yol vermək olmaz ki, dini təcrübələrlə kommersiyalaşma arasındakı balans ikincinin xeyrinə pozulmuş olsun. Məqalədə deyilir ki, ifrat kapitalizm və israfçılıq Həcc zamanı nümayiş etdirilməli olan sosial və iqtisadi bərabərliyin üstündən xətt çəkir. İmam narahatdır ki, belə gedərsə, iman və sadəlik öz yerini materialist rituala verəcək və bu mərasim varlıların öz sərvətlərini nümayiş etdirə biləcəkləri əyləncəli tətilə çevriləcək.

Qari Asim yazır ki, Həcci kütləvi kommersiyalaşmanın caynağından qoparmaq vaxtı çatıb. (BBC)