Ərdoğan mühafizəçiləri ilə bağlı qalmaqaldan danışdı:“Onlar hücum qarşısında öz vəzifələrini yerinə yetiriblər”

0
3
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da mühafizəçilərinə qarşı cinayət işi açılmasına münasibət bildirib.

Bu gün İstanbulda bayram namazından sonra jurnalistlərin suallarını cavablandıran R. T. Ərdoğan bu hadisəni skandal kimi qiymətləndirib. “Bu, skandaldır. Amerikada ədalət sisteminin necə çalışdığının çox açıq göstəricisidir. BMTBaş Assambleyasına gələn qonaqları ABŞ-ın təhlükəsizlik orqanları qorumalıdır. ABŞ üzərinə düşən bu məsuliyyəti yerinə yetirmirsə, orada bizə hücum edən PKK terror təşkilatı mənsublarına qarşı mənim mühafizəçilərim öz vəzifəsini yerinə yetirməyəcəkmi? Onlar da təbii ki, bu hücumlar qarşısında öz vəzifələrini yerinə yetirdilər”.

R. T. Ərdoğan cinayət işinin açılmasında Obama dövründə təyin olunmuş prokuroru günahlandırıb: “Orada Obama dövründən qalma prokuror var, belə bir ittihamnamə hazırlaması bizi maraqlandırmır. Bundan sonrakı səfərimizdə orada fürsət olarsa, hörmətli Trampla ayrıca görüşəcəyik. Hazırda Xarici İşlər və Ədliyyə nazirliklərimiz lazımi danışıqları davam etdirirlər. Lakin Amerikadakı bu hadisələr yaxşı deyil. Amerika hələ də FETÖ rəhbərinin qorunduğu bir ölkədir. Amerika hətta PKK terror təşkilatını qoruyan bir ölkə səviyyəsinə düşüb. Mən Amerikanın nə etmək istədiyini anlamaqda çətinlik çəkirəm”.

Qeyd edək ki, ABŞ-da R. T. Ərdoğanın may ayında Vaşinqtona səfəri zamanı Türkiyə səfirliyi qarşısında baş vermiş hadisə ilə əlaqədar Türkiyə prezidentinin 15 mühafizəçisinə qarşı cinayət təqibi başlayıb.