Millimizin aparıcı üzvləri arasında ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Təmsilçimiz ötən ayla müqayisədə həm yerini, həm də xalını qoruyub. Avqustda oyun keçirməyən Məmmədyarov yenə 2797 xalla 6-cıdı.
Teymur Rəcəbov isə rəqiblərinin geriləməsi səbəbindən irəliləyib. Qrossmeysterimiz 19-cu pilləyə yüksəlib. O, 2742 xala malikdi.
Rauf Məmmədovun (2678) da mövqeyi dəyişməz qalıb. Şahmatçımız yeni siyahıda da 63-cüdü.
Məmmədyarov, Rəcəbov və Məmmədovdan fərqli, Qədir Hüseynov “100-lüy”ü tərk edib, milliləşdirilmiş legionerimiz Arkadi Naydic geriləyib. Latviya əsilli qrossmeyster 7 rəqibini özündən irəli buraxıb. Onun 2702 reytinq xalı var.
Siyahıya isə yenə Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçı 2827 xala malikdi. İkinci yeri Maksim Vaşye-Laqrav (2804, Fransa), üçüncü pilləni isə Vladimir Kramnik (Rusiya, 2803) tutur.
Qadınların “Top-100”ündə isə yığmamızın 2 üzvü düşüb. Günay Məmmədzadə (2393) 70-ci, Gülnar Məmmədova (2384) 84-cüdü. Bu siyahıda 2670 xal çinli Yifan Hou birincidi.