Bakıda uşağını üzgüçülük kursuna yazdırmaq istəyən valideynlərə qızıl kimi məsləhətlər
Bu günlərdə çox adam hovuzların xidmətindən istifadə edir. Yay fəslində sərinləmək və əylənmək üçün hovuzların rolu danılmazdır. Hovuzların təmizliyi və gigiyenası isə diqqət edilməsi lazım olan ən vacib məqamlardan biridir.
Mütəxəssislərə görə, təmizliyi aparılmayan və sistemli olaraq xlorlanmayan hovuzlar hepatit növlərindən tutmuş, ishala, genital xəstəliklərə, infeksiyalara qədər bir çox problemlərə gətirə bilər. Musavat.com xəbər verir ki, hovuz səfası edən insanların diqqət etməli olduğu məqamlar aşağıdakılardır:
1. Bədəninizdə üstü açıq bir yara varsa, hovuza girməyi bir müddət təxirə salmanız vacibdir. Hovuz suyundakı mümkün mikroblar açıq yaranızın iltihablanmasına sbəb ola bilər. Bu səbəbdən də yaranız sağalana qədər hovuzdan uzaq durmalısınız.
2. Hovuza mütləq dəniz eynəkləri taxaraq girin. Bu eynək sayəsində xlordan gözlərinizin yanmasının və qıcıqlanmasının qarşısını ala bilər, onları mümkün mikroblardan qoruya bilərsiniz.
3. Girdiyiniz hovuzun xlor miqdarı haqqında məlumat ala bilərsiniz. Xlor miqdarının milyonda 1 və 3 arası olması ən ideal səviyyə olaraq bilinir. Bununla paralel olaraq sudakı PH səviyyəsinin də 7.1 ilə 7.8 arasında olması göz və dəri sağlamlığı baxımdan önəm daşıyır.
4. Hovuza girmədən öncə və çıxdıqdan dərhal sonra duşa girmək infeksiyaya yoluxma riskini minimuma endirir.
5. Hovuzda üzmədən ancaq sərinləmək istəyənlər də Günəş eynəyi taxmalıdırlar. Hovuz içində uzun saatlar keçirənlərin Günəş eynəyi taxaraq göz sağlamlıqlarını qorumaları vacibdir.
6. Hovuza ayaq basmadan öncə ayaqları su dolu bir sahəyə salaraq təmiz qalması üçün önəm daşıyır.
7. Hovuzdan çıxandan sonra yaş çimərlik paltarını qurusu ilə dəyişdirmək də infeksiyaya yoluxmanın qarşısını önəmli dərəcədə alır.
8. Hovuzdan çıxandan sonra çimərlik paltarlarını sabunlu su ilə yumaq onların təmizliyi və mikroblardan qorunmaq baxımından çox vacibdir.
9. Hovuzun təmizliyinin sistemli bir şəkildə edilib-edilmədiyini öyrənərək hovuz seçiminizi edə bilərsiniz. Hovuz kənarındakı lövhələrə baxaraq və ya səlahiyyətli nümayəndələrlə əlaqəyə girərək hovuz təmizliyi və qaydalar barədə məlumat almaq da faydalıdır.
10. Uşaqların hovuza tualetlərini etməmələrinə və su udmamalarına diqqət edilməlidir. Valideynlərin bu məsələdə diqqətli olması hovuzun təmizliyinə müsbət mənada təsir edir.
Əsas məsələ hovuzun təmizliyidir – gözlə görmək mümkün
Bakıda üzgüçülük kursları çox, tariflər və şərtlər isə fərqlidir. Valideynlər hazırda ən təmiz və qiymətinə görə münasib olan hovuzların axtarışındadır. Məlum məsələdir ki, valideynlər əsasən uşaqlarının sağlamlığına, səhhətindəki hansısa problemlərə görə, həkim təyinatı ilə bu kurslara göndərilir.
Amma bir çox hallarda hovuzlardakı hansısa problem, antigigiyena məsələsi səhhətə birbaşa təsir edir. Ümumilikdə isə üzgüçülük hovuzları qapalı hövzə olduğundan orada xüsusi qurğuların quraşdırılması vacibdir. Çünki hovuz suyunun dövriyyəsi mikrobların yığılmasının qarşısını alır. Həm də suda qoxunun əmələ gəlməsini əngəlləyir.
Ümumilikdə isə hovuzun nə dərəcədə təmiz olub-olmadığını müəyyənləşdirmənin adi üsulları var. Suyun rənginin bulanıqlığı, hər hansı qoxu, yaxud dibində çoküntünün olması hovuzun təmizlənməsi vaxtının gəldiyindən xəbər verir. Bundan başqa, hovuzdan istifadə edən hər kəsin sağlamlığı haqqında arayışı olmalıdır. Sağlamlıq kağızında əsasən göbələk xəstəlikləri və bağırsaq qurdlarının olmaması göstərilməlidir.
Bundan başqa, qadın və kişilərin müxtəlif günlərdə belə olsa, eyni hovuza girmələri həkimlər tərəfindən düzgün hesab edilmir. Dəri xəstəliyinə yoluxmamaq üçün dərisində kiçik də olsa yarası, kəsiyi olanın hovuza girməməsi məsləhətdir. Çünki mikroblar açıq yaralara daha çox təmas edir. Bundan başqa, hovuza xüsusi üzgüçülük papaqları ilə daxil olunması baş dərisini də qoruyur. Suyun tərkibindəki kimyəvi dərmanlar saçın tökülməsinə də yol aça bilər.
Üzürsənsə, orqanizmində bunlar baş verir
Ümumilikdə isə üzmək təkcə ürək döyüntümüzü nizamlamaz, yaş ötdükcə orqanizmimizin zəifləməsi zamanı yarana biləcək xəstəlikləri, ürək infarktı riskini azaldır. Qaçış zamanı ayaqlarımıza, oynaq və sümüklərimizə zərər verə bilərik. Üzmə isə əksinə, su ilə sərt rəftar zamanı belə bizə o qədər ziyan verməz. Hətta yaralanmalar, ayaq burxulması zamanı üzmə reabilitasiya kimi məsləhət görülür. Üzgüçülük bütün bədəni çalışdıran bir idman növüdür. Vücudun hər bölgəsinin kalori itirməsinə səbəb olur. Eyni zamanda boyun, çiyin, qol və ayaq elastikliyini təmin edir. Əgər əhval-ruhiyyəniz yerində deyilsə, hovuza girsəniz üzmək əhvalınızı qaldırar.
Depressiv və əsəbi halda belə üzməyin böyük köməyi olur. Hamiləlik zamanı da əks göstəriş yoxdusa, üzmək faydalıdır. Üzmək uzunömürlü olmağa kömək edər. 32 yaşında olan 40 min insan üzərində aparılan araşdırmalar zamanı yürüş edənlər və hərəkətsiz qalanlardan daha çox, üzgüçülüklə məşgul olanların daha uzun yaşadığını isbat edib.
Üzmə ağciyər funksiyalarının inkişafına kömək edər, əgər oynaqlarında problemi olan insanlar üzmə məşqləri edərlərsə, ağrı nəinki azalar, hətta aradan belə qalxar.
Üzmək bahalı xobbi imiş
Yaxşı, bəs yay aylarında uşaqlarımızı hansı üzgüçülük hovuzlarına və neçəyə apara bilərik? Şərtlər, tariflər necədir? “Yeni Müsavat” şəhərdəki bir neçə üzgüçülük hovuzları arasında reyd keçirib.
Su İdman Sarayında dərslər səhər saat 08.00-dən başlanır. Həmin saatdan 15.00-a qədər müddəti 45 dəqiqə olmaqla, həftədə 2 dəfə dərs 30 AZN məbləğindədir. Saat 16.00-dan sonra keçirilən dərslər üçünsə aylıq ödəniş 40 AZN-dir.
Sərhədçi İdman Olimpiya Mərkəzində həftədə 3 dəfə olmaqla, keçirilən dərslər üçün aylıq 50 AZN ödəmək lazımdır. Bu mərkəz həftənin tək günləri oğlanlar, cüt günləri isə qızlar üçün nəzərdə tutulub.
“Veqas” İdman Sağlamlıq Mərkəzində isə 12 yaşına qədər oğlanlar üçün həftədə 2, ayda 8 dəfə üzgüçülük dərsi 40 AZN-ə başa gəlir. Həftədə 4, ayda 16 dərsin qiyməti isə 70 AZN-dir. Qızlar üçünsə bu tarif daha aşağıdır. Belə ki, həftədə 4, ayda 16 dərsin qiyməti 60 AZN-dir. Burada dərslər səhər saat 9.30-dan başlanır.
Astoria Fitnes Mərkəzində isə həftənin bütün günlərində dərslər var. Səhər saat 9-dan günorta 15.00-də kimi, həftədə 3 dəfə olmaqla, aylıq kursun məbləği 48 AZN-dir. Amma uşağınızı məşqçi ilə hazırlaşdıracaqsınızsa, bunun üçün də əlavə 40 AZN ödəməlisiniz. Saat 15.00-dan sonra keçirilən kursların isə aylıq məbləği 60 AZN-dir. Məşqçi pulunu da əlavə edəndə 100 AZN.
Aquaparkda (Rəşid Behbudov küçəsi, Xarici Dillər Universiteti ilə üzbəüz) həftədə 2 , ayda 8 dəfə dərs üçün aylıq 70 AZN ödəmək lazımdır. Həftədə 3 dəfəlik kurslar üçünsə 80 AZN lazım gələcək. Amma dərsdə məşqçi yardımına ehtiyac varsa, bunun üçün də hər dərsə əlavə 3 AZN ödənməlidir. Burda hovuz ümumidir, qadın-kişi-uşaq fərqi olmadan səhər saat 7-dən 22.30-a qədər fəaliyyət göstərir.
F Land Hovuzda isə 12 yaşa qədər uşaqlar üçün həftədə 3, ayda 12 dəfə olmaqla, üzgüçülük kurslarının aylıq məbləği 50 AZN-dir. 12 yaşdan böyük uşaqlar üçünsə bu qiymət 60 AZN-dir.
Atrium İdman Əyləncə Mərkəzində də vəziyyət fərqli deyil. 12 yaşa qədər uşaqlar üçün həftədə 2 dəfə olmaqla, ayda 8 dəfə dərs üçün aylıq 40 AZN, həftədə 4 dəfə olmaq üzrə ayda 16 dəfə dərs üçünsə 60 AZN ödəmək lazımdır.
12 yaşdan yuxarı uşaqlar üçünsə qiymətlər daha yuxarıdır. Belə ki, həftədə 2 dəfə, ayda 8 dəfə olmaqla, aylıq kurslar 50 AZN, həftədə 3 dəfə, ayda 12 dəfə olmaqla, kurslar isə 80 AZN-dir.