Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

0
3
Yadımdadır. 1991-ci ildə Bakı Baza Energetika Texnikumunu bitirib bir neçə ay da şəhərdə işlədikdən sonra kəndə qayıtmaq qərarına gəlmişdim. Texnikumu bitirəndən sonra şəhərdə qalmağım ali məktəbə qəbul olunmaq istəyimlə bağlı idi.

Biz texnikumu martda bitirmişdik. Qəbul imtahanları isə yayda olacaqdı. Ona görə də fəhlə işlədiyim Bakı Məişət Maşınları Təcrübə Zavodunda işimə davam etməkdəydim. Düşünürdüm ki, ali məktəbə qəbul olunsam elə işimə də davam edərəm. Yaxşı maaş alırdım. O dövr üçün böyük pul sayıla biləcək 350-400 manat arası aylıq qazanc bir tələbə üçün həqiqətən böyük pul idi.

Yay gəldi, sənədlərimi xalq arasında APİ Axundov kimi tanınan M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (hazırda Bakı Slavyan Universiteti) verdim. Həm rus dilini yaxşı bilməyim (əsgərlikdə ruslar mənə deyirdi ki, “sən rus dilini rus kimi danışırsan”), həm də özümə arxayınlığım əsas səbəb idi. Düşünürdüm ki, rus dilini düz-əməlli bilməyənlərlə müqayisədə mən mütləq bura daxil ola bilərəm.

Amma olmadı. Rus dili bilgilərim köməyimə çatmadı. Ənənəvi üsulla imtahan keçirildi, elə ilk imtahandan 2 aldım və suyum süzülə-süzülə ordan uzaqlaşdım. Gəlib yır-yığış etdim, işdən çıxdım və 1991-ci ilin avqustunda kəndə – Dədəliyə qayıtdım. Özü də birdəfəlik.

Planım belə idi ki, ailənin kiçik uşağı kimi ev-eşiyə sahib olum, özümə gün ağlayım və bir müddət sonra da evlənim. Yəni tam olaraq kənd adamı kimi yaşamaq haqqında düşünürdüm.

Lakin 1992-ci ildə ölkədə tətbiq edilən yeni qəbul qaydaları məni bir də özümü sınamağa sövq etdi. Düzdür, hazırlaşmaq üçün nə vaxtım, nə də həvəsim vardı. Amma düşündüm ki, özümü sınasam bir zərəri olmaz.

Bugünkü kimi yadımdadır ki, sənədlərimi bizim bölgə üçün mərkəz sayılan Qubada təqdim etmişdim. Beləliklə, 24 yaşımda ilk dəfə Qubanı görmüşdüm.

İmtahanı isə Bakıda – M.Müşfiq adına 18 saylı məktəbdə verdim. Gözləmədiyim halda yüksək bal toplamışdım. 407 balla ən yaxşı universitetlərdən birində oxuya bilərdim. Oxudum da. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq Fakültəsi mənim seçimim idi və oraya qəbul olunmuşdum.

Ali məktəbə qəbul olunmaq o demək idi ki, kəndlə bağlı planlara yenidən baxmalıydım. Yəni Bakıya dönməli, oxumalı, sonra nə olacaqsa ona uyğun da davranmalı idim.

Kim bilir, yeni qəbul qaydaları olmasaydı mən indi nə işlə məşğuldum. Bəlkə də sadə bir kəndli kimi torpaqla əlləşirdim. Yaxud da o dövrdə müharibə qızışmaqdaydı, əsgər gedəcəkdim (buna 2 dəfə cəhd etmişdim). Şəhid də ola bilərdim, qazi də. Ümumiyyətlə isə həyat, tale məni heç ağlıma gəlməyən bir yana çəkə bilərdi.

Demək istədiyim odur ki, test üsulu çıxmasaydı yəqin mən də arzularımı ürəyimdə dəfn edəcək, kənddə batıb qalan milyonlarla gəncin biri olacaqdım. Heyvan otaracaq, ot biçəcək, ağac əkəcəkdim. Ölkəmə, dövlətimə və millətimə düz-əməlli fayda vermək imkanım olmayacaq, sadəcə özüm üçün yaşayacaqdım. Lakin test ortaya çıxdı, heç bir çətinlik çəkmədən universitetə qəbul olundum və bu gün Azərbaycanın Əməkdar Jurnalisti kimi dövlətimə, xalqıma fayda verməklə məşğulam. Testin hesabına yalnız.

Çox gendən gəldim, deyilmi? Test haqqında yazmaq istəyirdim. O test haqqında ki, ötən 25 il ərzində məhz onun hesabına yüz minlərlə istedadlı gəncimiz ali məktəblərə qəbul olunub, Azərbaycana fayda vermək üçün təhsil ala bilib.

Əgər o test üsulu olmasaydı?

O test üsulu olmasaydı həmin gənclər də bir zamanlar mən APİ Axundovun qapısından qayıtdığımı kimi geri dönəcək, bir daha təhsil haqqında düşünməyəcək və Azərbaycan minlərlə istedadlı insanını itirəcəkdi. Test buna imkan vermədi. Əksinə, o gənclərə yol açdı, imkan yaratdı və həmin gənclər bu gün ölkəmizin bütün sahələrində layiqincə fəaliyyət göstərməkdədir.

Bütün bu uğurlar varkən kimlərsə ayağa durub testi ləğv etdirmək istəyir. Guya ki, onun zamanı keçib, yeni qaydalar tətbiq edilməlidir. Bunu deyən Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə fikrini kurikulumla dərs keçilməsilə əlaqələndirib.

Düzdür, Məleykə xanım hələ tam və dəqiq anlaşılacaq açıqlama verməyib. Amma cəmiyyətdə bir narahatlıq var ki, test hansısa neqativ hallara şərait yaradacaq ənənəvi üsullarla əvəz edilə bilər.

Belə olarsa, biz batdıq! Sabaha ümidlə baxan, dövlətinə güvənən Azərbaycan gənclərinin ali təhsil istəkləri ürəklərində qalacaq. Yenə də tapşırıq, rüşvət, görüm-baxım kimi iyrənc metodlar işə düşəcək və millətə sağalmaz yara vurulacaq.

Bu fikirlər sadəcə mənə aid deyil. Cəmiyyət içində dolaşan fikirləri ümumiləşdirib təqdim edirəm.

Maraqlıdır ki, testin ləğv ediləcəyi fikrini Məleykə Abbaszadə səsləndirsə də bu işdə Təhsil Nazirliyinin pərdəarxasından daha ciddi həmlə etdiyi fikri də dolaşır cəmiyyətdə. Deyilənlərə inansaq, Məleykə Abbaszadə testin ləğvinin tərəfdarı deyil. O, sadəcə hər il keçirilən qəbul imtahanlarının nəticələrini olduğu kimi açıqlayır, bu isə Təhsil Nazirliyinin xoşuna gəlmir. Çünki nəticələr ölkədə təhsilin bərbad durumda olmasından xəbər verir. Elə orta məktəblər var ki, onların məzunları illərlə ali məktəblərə qəbul oluna bilmir. Yaxud da qəbul olunanların əksəriyyətinin topladığı ballar 5 ballıq qiymətləndirmə üzrə 2 baldan aşağı olur. Təbii ki, belə aşağı rəqəmlərin çoxluğu təhsil sahəsində çox ciddi problemlərimizin olmasından xəbər verir. Ona görə də Təhsil Nazirliyində kimlərsə bu sahəni hər il faş edən testi ləğv etdirib, yerinə nəsə əndrəbadi bir sistem tətbiq etməklə özlərini vəziyyətdən çıxarmaq istəyirlər. Hər halda, cəmiyyətdə belə fikirlər də dolaşır və şəxsən mənə inandırıcı gəlir.

İstənilən halda testin ləğv edilməsi bu millətə, dövlətə xəyanət olacaq! Çünki bəzi çatışmazlıqları olsa da hazırda tətbiq edilən üsul ədaləti təmin edə bilir. Özü də ən yüksək səviyyədə. Əgər DİM, yaxud Təhsil Nazirliyi daha mükəmməl bir sistem tətbiq etmək istəyirsə, bunu qəfil deyil, ictimai müzakirələrdən sonra etməlidir. Cəmiyyət əmin olmalıdır ki, test üsulundan daha ədalətli və şəffaf bir üsul təklif edilir. Özü də bu üsul dünyanın aparıcı ölkələrində illər ərzində sınaqdan üzüağı çıxmış olmalı, onun hazırkı test üsulundan bir addım öndə olduğu bariz şəkildə görünməlidir. Bunun əksini edəcək şəxs, qurum və onların arxasında duran istənilən qüvvələr çox böyük yanlışa yol vermiş olacaqlar.

Testin təkmilləşdirilməsi necə, ola bilərmi? Ola bilər. Niyə də olmasın? Zaman keçib, yeni texnologiyalar hər kəs üçün əlçatandır və test bu yarışdan kənar deyil. Lakin üsulun özünə əsla toxunmaq olmaz. Nə qədər ki, abituriyentlər kiməsə deyil, məhz qaydalara imtahan verir, ədalət sonadək ayaqda tutula biləcək. Vay o günə ki, yenə də kiməsə imtahan vermə üsulu işə düşə. Bax, onda bu millət elə batacaq ki, bir də yüz il sonra özünə ya gələ, ya gəlməyə…

Azər HƏSRƏT, azer@azerhasret.com