Eldar Mahmudovun bankı talayan əmisi oğlu azadlığa çıxdı –Prokuror etiraz etdi

0
3
 Nəsimi Rayon Məhkəməsində “Azərtürkbank” ASC-nin Bakı filialının sabiq müdiri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İlham Mahmudovun cinayət işi üzrə məhkəmə iclası hökmün oxunması ilə başa çatıb.

Virtualaz.org xəbər verir ki, hökmə əsasən, İ.Mahmudov 1 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin 1000 manat cərimə olunub.

İlham Mahmudov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur. O, Eldar Mahmudovun işdən çıxarılmasından sonra-2015-ci ilin noyabrında həbs edilmişdi.

Məhkəmə İ.Mahmudova təyin edilmiş cəzanın həbsdə yatdığı günlə hesablayıb və bu səbəbdən o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən prokurorluq apellyasiya protesti verərək, onun barəsində təyin edilən hökmün ləğv edilməsini, onu daha ağır cəza ilə cəzalandırılmasını və həbs edilməsini tələb edib.

İ.Mahmudovun müdafiəçisi də apellyasiya şikayəti verib. Müdafiəçi barəsində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib. Tərəflərin şikayətləri araşdırılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. İşə yaxın günlərdə baxılacaq.

İttiham aktına əsasən, İlham Mahmudov 2015-ci ilin mart ayının 3-dən etibarən Bakı şəhərində “Azərtürkbank” ASC-nin Bakı filialının müdiri vəzifəsində işləyərkən vəzifə saxtakarlığı edib. O, vəzifəsindən sui-istifadə edərək, qardaşının həyat yoldaşı Nuranə Mahmudovanın adına depozit hesabları açıb, həmin hesablara 5 əmanət müqaviləsi üzrə ümumilikdə 103 min manatın köçürüb.

Bundan başqa, o, qardaşı İlqar Mahmudovun adına 10 min ABŞ dollar, onun həyat yoldaşı Fatma Mahmudovanın adına illik 2 faiz ödənməklə 45 min avro pul vəsaitlərini depozit hesablarına qoyub. Daha sonra İlham Mahmudov 2015-ci ilin iyulun 16-da həyat yoldaşı Kəmalə Mahmudovaya cari hesab açaraq 1100 manatın mədaxil olunmasını təşkil edib. İlham Mahmudov etibarnamələr əsasında həmin hesablar üzrə əməliyyatları idarə edib.

Həmçinin İlham Mahmudov 4 noyabr 2015-ci ildə qardaşı Vüqar Mahmudovun sürücüsü Nicat Məmmədovun istifadə etdiyi “Kapitalbank” ASC-yə aid plastik bank kartını dəyişmək adı ilə aldadıb və işlədiyi filiala dəvət edib. Onun etibarından istifadə etməklə Nicat Məmmədova hər hansı məlumat vermədən adına bank hesabı açıb. Bu hesabı açandan sonra o, Nicat Məmmədovun xəbəri olmadan rəhbərlik etdiyi bank filialında qardaşı Vüqarın həyat yoldaşı Nuranə Mahmudovanın adına köçürülmüş 1 milyon 530 min ABŞ dollar məbləğində pul qanunsuz olaraq çıxarıb.

İlham Mahmudov 2015-ci ilin noyabrında məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Virtualaz.org