Bu barədə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə, Əfv Komissiyasının iclasının olacağı ilə bağlı son həftələrdə komissiya üzvlərinə məlumat daxil olmayıb: “Əfv Komissiyasına müraciətlər daxil olur, komissiya müraciətləri öyrənir, hazırlayıb komissiyanın iclasına təqdim edir.Komissiyanın iclası Əfv komissiyanın sədri Ramiz Mehdiyev tərəfindən çağırılır. Bu əlamətlərə görə yaxın zamanda əfv olacağını real saymıram”, -deyə o qeyd edib.
Komissiya üzvü eyni zamanda deyib ki, “əfv cənab prezidentin konstitusion səlahiyyətlərinə daxildir və kimlərin əfv ediləcəyini, nə vaxt sərəncam imzalayacağını o müəyyən edir”.
Xatırladaq ki, son günlər yerli mediada Qurban bayramı (sentyabrın 1 və 2-si) qabağı əfv olacağı ilə bağlı xəbərlər yayılmaqdadır.