İcra başçısı adından dələduzluq edən şəxs kimdir?

0
3

Dələduzlardan özünüzü qoruyun…

Son zamanlar cinayət hadisələri sayının artması müşahidə olunur. Ekspertlər bunu iqtisadi durumla əlaqələndirirlər. Bu sırada işsizlikdə xüsusi yer alır. Narkotikaya bağlı cinayətkarlıq “rekord” qırsada, son illərin ən “populyar” cinayət əməllərindən biri də dələduzluq sayıla bilər. Belə əməl sahiblərinə hətta iri çinli dövlət məmurları sırasında da rast gəlinir ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliklərinin bir sıra məsulları barədə aparılan məhkəmə istintaqları qeyd olunanları bir daha təsdiq edir.

Bəzi səlahiyyət sahibləri nəinki özləri dələduzluqla məşguldur, bununla yanaşı ətraflarında dələduz qruplaşması saxlayaraq, hətta açıq-aşkar onları himayə edirlər. Onlar ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək, onların pulunu mənimsəyir, biznes fəaliyyəti ilə məşgul olmaq və ya mənzil almaq üçün banklardan kredit götürmüş şəxsləri çıxılmaz duruma salırlar. Qəribədir ki, çox zaman aldadılmış vətəndaşların şikayətləri eşidilmir. Bu da dələduzların himayə edildiyini bir daha təsdiq edir.

Dələduzluq cinayətlərinə daha çox mənzil tikinti sektorunda rast gəlinir ki, həmin sektorun əsasən məmurların əlində cəmləşdiyi sirr deyil. İnşaat sahəsində çalışanlar vətəndaşlara sərfəli qiymətlə mənzil təklif edərək, külli miqdarda pulu ələ keçirdikdən sonra ya onları get-gələ salır, yada ki, birdəfəlik görünməməyə üstünlük verir. Bir çox hallarda isə verilmiş sənədlərin saxtalığı aşkarlanır ki, nəticədə bir mənzilin iki və ya daha çox vətəndaşa satıldığı müəyyən edilir. Düzdür, bəzi MTK-larda belə hallar müəyyənləşib, istintaq orqanları tərəfindən müxtəlif səlahiyyət sahibləri barədə cəza tədbirləri görülsə də, bu, əksər hallarda vətəndaşlara dəyən zərərin ödənilməsiylə nəticələnməyib.

Elə bu günlərdə “Millətim.info”-ya bir neçə vətəndaş müraciət edərək,  Xırdalan şəhərində tikinti aparan MTK-ların biri tərəfindən aldandıqlarını bildiriblər. Onları aldadan şəxs məşhur tikinti şirkətlərindən birində çalışır və özünü həmin şirkətin qeyri-rəsmi sahibi sayılan, nüfuzlu İcra Hakimiyyəti başçılarının yaxını kimi təqdim edərək, mənzil almaq arzusunda olan bir neçə şəxsi aldadıb.

Millətim.info  olaraq həmin şikayətlərin araşdırılması üçün rəsmi orqanlara müraciət etdiyimizdən, hələlik aldadan və aldanılanlar, dələduzun himayəçiləri barədə açıqlama vermirik. Son olaraq, bir daha vətəndaşlara müraciət edirik, şərəfini, namusunu satmağa hazır olan, gözünü vətəndaşların halal zəhmətiylə qazanılmış puluna dikən, tülkü kimi hiyləgər olan dələduzlardan özünüzü qoruyun! Görünən odur ki, belə şərəfsizlərlə mübarizə ümumxalq işinə çevrilməlidi.

 

Nicat

Mövzuya qayıdacağıq…