“Əli Həsənov evimizə gəldi…” – Nailin öldürdüyü şəxsin uşaqları danışdı

0
8
Baş nazirin müavini Əli Həsənov nəvəsinin törətdiyi qəzada ölən Vaqif Əsədovun ailəsinə baş çəkib.

Mia.az xəbər verir ki, bu barədə Meydan TV-yə mərhumun ailəsi danışıb. Qəza qurbanının övladları bu səbəbdən də daha mətbuata heç nə danışmaq istəmədiklərini deyiblər…

74 yaşlı Vaqif Əsədov Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin kəsişməsindəki binada yaşayırmış. O, avqustun 3-də Heydər Əliyev prospektində baş verən qəzanın qurbanlarındandır. Həmin gün axşam saatlarında Nail Abdullayevə məxsus “Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi qəza nəticəsində onunla yanaşı daha 1 nəfər həyatını itirib. İki Türkiyə vətəndaşı isə yaralanıb.

Soraqlayıb Vaqif Əsədovun yaşadığı evi tapırıq. Onun mənzilinə, binanın 5-ci mərtəbəsinə qalxırıq. Aşağı mərtəbələrdəki qapılar bir-birinə bənzəyir, imkanlı olduqları hiss olunur. Yalnız sonuncu qapı öz nimdaş görkəmi ilə seçilir. Həmin qapını döyürük, bir qadın açır, jurnalist olduğumuzu deyirik. Dəhlizdə dayanmış ortaboylu, qaraşın, təxminən 35-40 yaşlarında bir kişi “qonaqsız, keçin içəri, amma biz müsahibə verməyəcəyik” – deyir.

İçəri, təmirsiz, darısqal otağa daxil oluruq. Stolun üzərinə halva, xurma düzülüb. Çay gətirirlər. Bir gün əvvəl “olke.az” saytına atası barədə danışan Ramiz Əsədov yorulduğunu, danışmaq istəmədiyini deyir:

“Jurnalist gəlmişdi, danışdım. Ondan sonra telefonum susmur, jurnalistlər müsahibə üçün zəng edirlər, siz də gəlmisiz. Heç bilmirəm ünvanımızı haradan alırsız. Yorulmuşam, bizim tələbimizə əməl olundu, danışmaq istəmirik”.

Bizi qarşılayan kişinin Vaqif Əsədovun böyük oğlu olduğunu öyrənirik. Qapını açan isə qızıdır. Heç biri adını açıqlamır. Öyrənirik ki, Ramiz Əsədovun müsahibəsindən sonra Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ailəyə baş çəkib.

“Gəlmisiniz, qonaq kimi bir stəkan çay içib gedin. Bizə lazım olanda jurnalist tapacağıq. İndi danışmaq istəmirik. Qardaşım da məndən icazəsiz danışıb. Hadisədir, olubdur də, indi mətbuat yazıq uşağın (Nail Abdullayev nəzərdə tutulur – red) üstünə düşüb, onu vurmaq istəyir. Şou yaradırlar” – böyük qardaş əsəbi şəkildə deyinir.

Bu zaman bacısı da ona dəstək verir:

“Əli Həsənov gəldi, nə suallarımız vardı verdik, cavab da aldıq. 70 yaşı var. O boyda kişi əziyyət çəkib 5 mərtəbəni qalxdı, evimizə gəldi. Özünüz də gördüz necə çətindir bu pilləkənləri qalxmaq. Əli Həsənov “əlimlə nəvəmi aparıb polisə təslim etdim”, – dedi. Günahkar axı təkcə Nail deyil. Bunların İntellektual İdarəetmə Sistemi var, bu kameralar yolboyu onu görmürdü? Onu niyə yolda saxlamırdılar?”

Otaqda var-gəl edən böyük qardaş danışmasına imkan vermir, bacısına “əsəbləşirəm, çox danışma” – deyir.

Bacısı isə onu sakitləşdirməyə çalışır, sonra yenidən söhbətə davam edir:

“Hadisə ilə bağlı cinayət işi başlayıb. Günahkarlar cəzasını alacaq. Biz nə vaxt istəsək, onda da jurnalistləri özümüz tapacağıq”.

Qapıya qədər ötürürlər, mərhumun böyük oğlu yenə təkrar edir:

“İndi bizə jurnalist lazım deyil. Lazım olanda özümüz əlaqə saxlayacağıq…”