Türkiyədə ötən il iyulun 15-də baş vermiş uğursuz hərbi çevriliş cəhdinə başçılıq etməkdə təqsirləndirilən hava qüvvələri generalı Akın Öztürk həmin hadisələr ərəfəsində Azərbaycana etdiyi telefon zənglərinin məqsədini məhkəmədə açıqlayıb.
Virtualaz.org xəbər verir ki, general həmin vaxt Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanına zəng vurduğunu bildirib.
General Akın Öztürk 15 iyul hadisələri zamanı Yüksək Hərbi Şuranın üzvü olub. Qiyamçıların tərəfində olan F-16 təyyarələri generalın kürəkəni, polkovnik Hakan Karakuşun komandanı olduğu Akıncı hərbi hava bazasından qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı. Akın Öztürkün adı isə hərbi çevrilişin uğurla başa çatacağı təqdirdə ölkədə müvəqqəti hakimiyyət rolunu oynayacaq “Yurdda Sülh Şurası”nın üzvlərinin siyahısında yer almışdı. İstintaq materiallarına əsasən general hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.
Bu barədə 2017-ci ilin aprelində Türkiyə mediasında yazılmışdı və Akın Öztürkün Azərbaycanda hansı mobil telefon nömrəsinə zəng vurduğu da açıqlanmışdı. Lakin həmin telefon nömrəsi (051 660 00 38) hazırda bağlıdır, istifadə olunmur. Türkiyə mətbuatının yazdığına görə Öztürkün bu nömrəyə iki dəfə zəng vurduğu müəyyən olunub.
Hazırda Akın Öztürk də daxil olmaqla qiyama cəhd edən hərbçilərin bir qrupunun məhkəməsi gedir. Onlar FETÖ (Fətullahçı Terror Təşkilatı) üzvləri olmaqda və çoxsaylı dövləti cinayətlərdə ittiham olunurlar.
Məhkəmədə Akın Öztürk ifadə verərək 15 iyul hadisələri ərəfəsində xarici ölkələrə etdiyi telefon zənglərinə izahat verib. Öztürk deyib ki, Azərbaycanda həmin iki zəngi Hərbi Hava Qüvvələrinin komandanına etmişdi.
Generalın bildirdiyinə görə Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanına etdiyi zənglərdən birində məqsəd onu “bayram münasibətilə təbrik etmək”, ikincisi isə Qarabağda, təmas xəttində atışmalar zamanı Azərbaycan ordusunun şəhidlər verməsinə görə başsağlığı vermək idi.