Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.
Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycanın tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2017-2018-ci dərs ilinə aid tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib. 2017-2018-ci dərs ilinə aid aşağıdakı tədris planlarına ümumtəhsil məktəblərinin I-X sinifləri üçün tədris planları (1, 2, 3 nömrəli əlavələr), ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-X sinifləri üçün tədris planları (4, 5 nömrəli əlavələr), ümumtəhsil məktəblərinin XI sinifləri üçün tədris planları (6, 7, 8 nömrəli əlavələr), azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları (9, 10 nömrəli əlavələr) və “Tədris planlarına dair qeydlər” (11 nömrəli əlavə) daxildir.
Qeyd olunub ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14- də başa çatır. Dərs ili iki yarımilə bölünür: birinci yarımil – 15 sentyabr – 26 yanvar; ikinci yarımil – 1 fevral – 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.