Lapşın İsrailə ekstradisiya olunmaq üçün ərizə yazıb –Səfirlikdən açıqlama

0
3
İsrailin Bakıdakı səfirliyi Azərbaycan məhkəməsi tərəfindən 3 il azadlıqdan məhrum edilən bloqer Aleksandr Lapşinin İsrailə ekstradisiya olunmaq xahişi ilə ərizə ilə müraciət etməsi barədə xəbərlərə münasibət bildirib.

Səfirlikdən AzVision.az-a verilən məlumata görə, hər bir İsrail vətəndaşının bu cür müraciətə haqqı var.

“Hər bir İsrail vətəndaşının bu cür müraciətə haqqı var. Lakin biz Aleksandr Lapşının İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşünün məzmununu açıqlaya bilmərik. Bu A. Lapşının şəxsi məsələsidir və biz bu barədə məlumat verə bilmərik”, – deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, Azərbaycan məhkəməsi tərəfindən 3 il azadlıqdan məhrum edilən bloqer Aleksandr Lapşin İsrailə ekstradisiya olunmaq xahişi ilə ərizə ilə müraciət edib. Bunu Lapşinin vəkili Eduard Çernin TASS-a bildirib.

“Bu gün müvəkkilimlə görüşdüm. O, İsrailə ekstradisiya olunmaq barədə ərizə verdi”, – deyə vəkil vurğulayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqdirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.