2040-cı ildən ölkədə benzin, yaxud dizel yanacağıyla işləyən avtomobillərin satışına qadağa qoyulacağı planlaşdırılır.
Moderator.az -ın rus versiyası “Times” nəşrinə istinadla yazır ki, söhbət Böyük Britaniyadan gedir. Bir qədər öncə Londonun meri Sadik Xan avtomobillərini daha ekoloji mühərrikli maşınlara dəyişmələri üçün dizellə çalışan avtomobil sahiblərinə 3,5 min funt sterlinq ödənilməsini təklif etmişdi.
Nəşr yazır ki, yeni tədbir havanın keyfiyyətinin yaxşılaşdırılması üzrə hökumət strategiyasının tərkib hissəsidir. Bu barədə rəsmi açıqlamanın çərşənbə günü veriləcəyi gözlənilir. Yerli hökumətlərin avtomobillərdən azot dioksid tullantılarının havaya buraxılması ilə mübarizəsinə dəstək vermək üçün büdcədən 255 mlrd. funt ayrılacaq.
Britaniya hökumətinin araşdırmalarına görə, hava çirklənməsi il ərzində 50 min insanın erkən ölümünə səbəb olur. Çirklənmənin nəticələri dövlət büdcəsinə hər il 27, 5 mlrd. funt sterlinqə başa gəlir. Ölkədə dizel avtomobillərinin satışının stimullaşdırılmasına karbon dioksidin planetdə qlobal istiləşməyə təsir göstərən ən təhlükəli tullantı kimi qəbul edilməsindən sonra başlanılıb. Hazırda isə alimlər və hökumət rəsmiləri avtomobillərdən azot dioksid tullantlarının həddindən çox böyük həcmdə buraxılmasından narahatdırlar.