Penitensiar Xidmətin 6 əməkdaşı vəzifəsindən azad edilib –10 əməkdaş ədliyyə orqanlarından xaric olunub

0
2
“Keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 72 mobil telefon, 79,343 qram müxtəlif narkotik və psixotrop maddələr, 58 litr qıcqırdılmış maye aşkarlanaraq götürülüb. Həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bu barədə Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov qurumun 2017-ci ilin birinci yarısında fəaliyyətinin yekunlarına həsr olunan əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edərkən deyib. Məlumatı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 297 müxtəlif, o cümlədən xüsusilə ağır cinayətlərin üstünün açılmasına köməklik göstərilib: “Hesabat dövrü ərzində pozuntulara yol verən 132 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 6 əməkdaş tutduğu vəzifədən azad edilib, 10 əməkdaş isə ədliyyə orqanlarından xaric olunub”.

Qeyd olunub ki, 2017-ci il fevralın 10-da Prezident İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə imzaladığı Sərəncamın icrası üzrə müvafiq komissiya yaradılıb. Komissiya tərəfindən müvafiq xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi, məntəqə tipli cəzaçəkmə müəssisələrində işin qanunvericiliyə uyğun təşkili, əməkdaşların sosial müdafiəsi və digər məsələlər üzrə hazırlanmış təkliflər ədliyyə nazirinə təqdim edilib.

Baş idarədə və tabeli qurumlarda təmir-abadlıq işləri aparılıb, iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə xidməti otaqlar yeni müasir tipli mebel dəstləri, zəruri avadanlıq və inventarla təchiz edilib. Dövlətimizin başçısı humanist təşəbbüslə çıxış edərək uzun illər məhkumlara, onların ailələrinə qayğı ilə yanaşmanı davam etdirib, 2017-ci il martın 16-da 423 məhkumun, onlardan azadlıqdan məhrumetmə cəzasını çəkən 414 məhkumun əfv edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncam vaxtında və dürüst icra edilib.