CHP izdihamlı mitinq təşkil etdi, Kılıçdaroğlu Ərdoğana 10 maddəlik şərt qoydu –SİYAHI + FOTO

0
4
CHP sədri Kamal Kılıçdaroğlu ölkədəki həbslərə etiraz əlaməti olaraq 25 gün davam edən piyada yürüşünün bu gün başa çatdığını bəyan edib. 

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Ədalət” şüarı ilə 25 gün davam edən yürüşdə 450 km yol qət edən Kılıcdaroğlu və partiya üzvləri bu gün İstanbulda tarixinin ən izdihamlı mitinqlərindən birini keçiriblər. Məlumata görə, mitinqdə 1 milyon 700 minə yaxın insan iştirak edib.

Mitinqdə iqtidara mühüm mesajlar verən Kılıcdaroğlu, eyni zamanda, prezident Ərdoğana qarşı 10 maddədən ibarət tələblər irəli sürüb: 

1. 15 iyul qiyam cəhdini açıq şəkildə lənətləyirik. 249 şəhidimizin əziz xatirəsi və 2301 qazimiz üçün FETÖ-nün siyasi dəstəkçiləri ortaya çıxarılmalı və əsl qiyamçılar müəyyən edilməlidir.

2. İqtidar tərəfindən 20 iyulda elan edilən fövqəladə vəziyyətdən sonra – biz buna mədəni qiyam deyirik – istintaq tək əldə cəmləşib. Fövqəladə vəziyyət ləğv edilməlidir.

3. İstintaqı siyasiləşdirmək demokratiyaya xəyanətdir. Kollektiv cinayət kimi insan haqlarına zidd olan siyasətdən imtina edilməlidir.

4. Fövqəladə vəziyyətdən əziyyət çəkən qrupların sosial təminatı həll edilməlidir.

5. FETÖ ilə heç bir əlaqəsi olmayan, amma müxalifətçi olduğu üçün işdən çıxarılanlar işlərinə qaytarılmalı, həbsdəki deputatlar azad edilməlidir.

6. Vəzifələrini yerinə yetirdikləri üçün həbs edilən jurnalistlər sərbəst buraxılmalıdır.

7. Fövqəladə vəziyyətdə, dövlətin bütün imkanları səfərbər edilərək konstitusiyanın dəyişdirilməsi qeyri-legitimdir.

8. Demokartik parlamentli sistem üzərində hər cür nəzarət aradan qaldırılmalı, təhsildə dünyəvilik prinsiplərinin pozulmasına yol verilməməlidir.

9. Qadınlara qarşı ayrı-seçkilik aradan qaldırılmalıdır.

10. Xarici siyasətdəki hücum mövqeyi Türkiyənin daxilindəki problemləri artırıb. Türkiyə ərazisindəki bütün xalqların maraqlarına uyğun xarici siyasət yürütməlidir.