Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər. Dəyişikliyə əsasən, müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də könüllü şəkildə hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər: “Bu hal daha çox ona xidmət edir ki, müəllim arzu etdiyi yerdə işləmək üçün daha bir imkan əldə etsin. Ancaq heç bir halda müəllim (hazırda çalışan) istəyindən asılı olmayaraq imtahana cəlb edilə bilməz. Təəssüflər olsun ki, bəzən bu halın əksinə dair bizə məlumatlar daxil olur. Bir daha bildiririk ki, müəllimlərin işə qəbulu təhsil nazirinin müvafiq əmri ilə gerçəkləşir. Əmrin 5.2-ci bəndində qeyd olunduğu kimi, pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müəllimlərin işə qəbul imtahanında iştirak edə bilər”.
Qeyd edək ki, iyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb. Proses iyulun 14-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.