Azərbaycan Polisinin 99-cu ildönümü:Nazir, PA rəsmisi və DİN rəhbərliyi Polis Akademiyasının buraxılış mərasimində + FOTOLAR

0
5
İyulun 2-də Azərbaycan Polisi yaranmasının 99-cu ildönümünü qeyd edir.

Strateq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu münasibətlə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları əlamətdar tarix ərəfəsində-iyunun 30-da Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

Daha sonra DİN-in təmsilçiləri respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər Xiyabanına gedərək “Əbədi Məşəl” abidəsini ziyarət ediblər.

İyulun 1-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına və 2016/2017-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. 

Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovun, Milli Məclisin deputatlarının, nazir müavinlərinin, aidiyyəti xidmət rəislərinin, yerli icra, hüquq-mühafizə orqanları rəhbərlərinin, Olimpiya oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının, məzunların valideynlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirak etdikləri tədbirdə nazir müavini, polis general-leytenantı İsmət Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib.

Nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisələr – Azərbaycan Polisi Günü və tədris ilinin buraxılışı münasibətilə təbrik edib.

Mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi  bütövlüyümüz uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət himni səslənib.

Nazir, general-polkovnik Ramil Usubov çıxış edərək əlamətdar hadisələr münasibətilə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb, demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladağı Fərmanla iyulun 2-nin Azərbaycan Polisi günü elan edildiyini, vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində duran daxili işlər orqanlarının bu peşə bayramını da böyük ruh yüksəkliyi və xidmətdə əldə etdiyi uğurlarla qarşıladığını diqqətə çatdırıb. Polisin keçdiyi yolun dövlətçiliyimizin tarixi ilə sıx bağlı olduğunu xatırladan cənab Ramil Usubov Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynadığını, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf etdiyini, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirib, xüsusilə də ulu öndərin rəhbərliyi altında respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illəri Daxili İşlər Nazirliyinin tarixində ən mühüm mərhələ kimi səciyyələndirib.

Qeyd olunub ki, həmin dövrdə ümummilli lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul etmişdir. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 əməkdaşımız və hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər «Milli Qəhrəman» adına, 1143 nəfər orden və medallara layiq görülür.

Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti gərgin olmuşdur. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 əməkdaşımız və hərbi qulluqçumuz həlak olmuş, 2640 nəfər xəsarət almışdır.

Çıxışını davam etdirən nazir diqqətə çatdırıb ki, Zati-aliləri cənab İlham Əliyevin 2003-cü ilin oktyabr ayında  Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin inkişafı yeni mərhələyə qədəm qoydu, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi. O da bildirilib ki, möhtərəm dövlət başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb, ötən 14 ildə xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə 445 fərman və sərəncam imzalanıb. O cümlədən, nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə ölkə Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.

Məhz bu illər ərzində ölkə rəhbərinin ali diqqət və qayğısı nəticəsində daxili işlər orqanları və Daxili Qoşunlar üçün 405 sosial obyekt tikilib, şəxsi heyətin vəzifə və rütbə maaşları əhəmiyyətli dərəcədə artırılıb, texniki və xüsusi vasitələrlə təchizat beynəlxalq standartlar səviyyəsinə yüksəlib, nəqliyyat parkı tam yenilənib.

Məmnuniyyətlə qeyd edilib ki, müasir Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Möhtərəm Prezidentin əvəzsiz diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Daha sonra daxili işlər naziri ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin və ictimai qaydanın nümunəvi təmin edilməsinin uğurlu nəticələri barədə təntənəli mərasim iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, son 5 ildə cinayətlərin orta illik açılması  83 faiz olub, ağır və xüsusilə ağır cinayətlər törətmiş  1300 cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 12 minə yaxın təqsirləndirilən şəxs tutulub. Əllərdə qanunsuz saxlanılan 3500  odlu silah yığılıb, onun tətbiqilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb. Məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan cinayətlərin 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edir.   Əldə olunan müsbət nəticələrdən biri də respublikamızda əhalinin 100 min nəfərinə nisbətdə həm ümumi cinayətlərin (255), həm də ayrı-ayrı növlərin, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların və digər hüquqazidd əməllərin sayının əksər Avropa dövlətləri ilə müqayisədə xeyli az olmasıdır.

Nazir R.Usubov fürsətdən istifadə edərək xidməti vəzifələrin icrasında yaxından  köməkliklərinə görə vətəndaşlara, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin,  Milli Məclisin, hüquq-mühafizə, xüsusi xidmət və digər dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və nümayəndələrinə dərin minnətdarlığını bildirib, həmçinin gənc əməkdaşların formalaşmasında və təcrübə əldə etməsində böyük işlər görən veteranlara təşəkkür edərək ən xoş arzularını bildirib.

Müstəqillik illərində qanunla müəyyən edilmiş vəzifələrin icrasında fərqləndiklərinə və xüsusi xidmətlərinə görə daxili işlər orqanlarının  1272 əməkdaşı və hərbi qulluqçusunun dövlət mükafatlarına layiq görüldüyü, bu peşə bayramı ərəfəsində də ölkə başçısının sərəncamları ilə 35 əməkdaşın «Vətən uğrunda» və «İgidliyə görə» medalları ilə təltif edildiyi, rəhbər vəzifəli 4 şəxsə ali xüsusi rütbə verildiyi də diqqətə çatdırılıb.

Daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək dəyərləndirdiyinə görə bütün şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir Ramil Usubov əmin edib ki, ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunması, bu sahədə müsbət dinamikanın qorunub-saxlanılması, fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və qarşıya qoyulmuş digər mühüm tapşırıqlar tam həcmdə, keyfiyyətlə və vaxtında yerinə yetiriləcək, davamlı inkişaf və təkmilləşmə gələcək fəaliyyətin başlıca istiqamətləri olaraq ardıcıllıqla həyata keçiriləcəkdir.  

General-polkovnik R.Usubov daxili işlər orqanları üçün yüksək ixtisaslı kadrların hazırlanmasında Polis Akademiyasının rolundan, beynəlxalq təcrübəyə uyğun təkmilləşərək ölkəmizin reytinqli təhsil müəssisəsinə çevrilməsindən, onun professor-müəllim heyətinin dərin nəzəri biliyə, yüksək mənəvi-psixoloji keyfiyyətlərə, xüsusi fiziki hazırlığa, möhkəm iradəyə malik polis zabitlərinin hazırlanması kimi mühüm vəzifələrin öhdəsindən layiqincə gəlməsindən məmnunluğunu ifadə edib.

Gənc zabitlərin bundan sonra daxili təhlükəsizliyi, dövlətçiliyi və xalqın əmin-amanlığını qorumaq kimi mühüm vəzifələrin icraçısı olaraq fəaliyyətə başlayacaqlarını xatırladan nazir onların hər birinin xidməti borca sadiq qalacaqlarına, peşəkarlıq səviyyələrini daim artıracaqlarına, qətiyyətləri, əzmkarlıqları, cinayətkarlığa qarşı mübarizədə yenilikləri öyrənib tətbiq etmək təşəbbüsləri ilə fərqlənəcəklərinə, qanunçuluğa, insan hüquq və azadlıqlarına hörmətin, vətənpərvərliyin, mənəvi saflığın, ciddi nizam-intizamın  onların fəaliyyətinin əsas prinsipləri olacağına, Azərbaycan Polisinin şanlı ənənələrini layiqincə davam etdirərək şərəf bayrağını qürurla daşıyacaqlarına inandığını bildirib.

Nazir Akademiyanı müvəffəqiyyətlə bitirmələri münasibətilə hər bir müdavimi, onların valideynlərini və yaxınlarını bir daha ürəkdən təbrik edib, təhsil müəssisəsinin  rəhbərliyinə və professor-müəllim heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev bu ali polis təhsili ocağının keçdiyi yol, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, daxili işlər orqanları üçün yüksək ixtisaslı zabit kadrların hazırlanması istiqamətində son illər görülmüş işlər barədə ətraflı çıxış edib.

Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş polis baş leytenantı Şamxal Həsənov müdavimlərə olan diqqət və qayğıya, aldıqları mükəmməl təhsilə görə DİN-in rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkür edib, onlara göstərilən yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlarını bildirib.

Tədbirin sonunda  daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara – Şamxal Həsənova, Zabil Qurbanova, Teyyub Qarayevə, Ağakərim Bədirbəyliyə, Qafar Qafarova, Ceyhun Məmmədova, əcnəbi məzunlar Nikilay Kristevə, İvan Qalatsana  diplomları və «polis baş leytenantı» xüsusi rütbələrinin paqonlarını təqdim edib.

Akademiyanı əla qiymətlərlə başa vurmuş Nail Bayramlı yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.

Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər «Azərbaycan Polisi» marşını ifa ediblər.

Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.