Sərdar Cəlaloğlu:“Abbas Abbasov həm Elçibəyin, həm Heydər Əliyevin vaxtında Rusiyanın maraqlarını müdafiə edirdi”

0
3
“Rusiyanın Azərbaycandakı seçkilərlə bağlı xeyir-dua verdiyi ittifaqlar burada hakimiyyəti dəyişmək üçün deyil. Moskva, sadəcə olaraq, bu cür ittifaqlardan özünün şərtlərini qəbul etdirmək üçün təzyiq vasitəsi kimi istifadə edir”

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu Kremlin 2018-ci il prezident seçkiləri zamanı baş nazirin sabiq birinci müavini Abbas Abbasovun timsalında prosesə müdaxilə üçün hansısa plan qurmaq ehtimalını şərh edərkən deyib. S. Cəlaloğlu deyib ki, Azərbaycandan xaricə getmiş insanların bir çoxu həmin ölkələrin əlində Azərbaycan hakimiyyətinə və ölkəmizə qarşı sanki bir silahdır: “Maliyyə imkanı yüksək olan bir sıra insanlar Azərbaycan iqtidarına qarşı Moskvanın bir siyasi silahıdır. İstənilən vaxt o silahdan istifadə edilir.Növbəti prezident seçkilərində də həmin siyasi silahdan istifadə olunacaq. Abbas Abbasov onların içində ən güclülərindəndir. Hamımız bilirik ki, Abbas Abbasov Azərbaycanın içində Moskvanın emissarı idi. Həm Əbülfəz Elçibəyin, həm Heydər Əliyevin zamanında Rusiyanın maraqlarını müdafiə edirdi. İlham Əliyevin zamanında da vəzifədə olduğu dönəmdə bu missiyanı həyata keçirirdi. İndi də gedib Rusiyada o missiyasını yerinə yetirir”.

S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycanın daxilində də Rusiyanın maraqlarını müdafiə edən qüvvələr var ki, onlar da Abbasovun yaratdığı ittifaqda bu və ya digər şəkildə iştirak edəcəklər: “Həmin qüvvələrin çoxu hakimiyyətin daxilindədir. Rusiyadan komanda gələn kimi onlar müxtəlif sahələrdə hərəkətə keçəcəklər. Rusiyanın seçkilərdə təkcə Rusiyadakıları yox, Azərbaycanın daxilindəki qüvvələrini də işə salmaq imkanı var. Müxalifətin də içində Abbas Abbasovun ittifaqında yer alması ehtimalı böyükdür. Azərbaycan müxalifətinin bir qismi iqtidardan o qədər narazıdır ki, özlərinin təbirincə desək, hətta ermənilərlə də bu iqtidara qarşı əməkdaşlıq etməyə hazırdırlar. Hakimiyyət bu insanları o dərəcədə sıxıb ki, onlar bu düşüncədədirlər. Onlar Rusiyanın qurduğu ittifaqlarda iştirak edə bilərlər. Çox güman ki, bunu Rusiya həm də müxalifətdəki bəzi qüvvələri hərəkətə gətirməklə edəcək. Seçkilər yaxınlaşdıqca şimaldan çox güclü təzyiqlər olacaq”.