Rəisin öz dəlili var: obyekti ilin sonunadək təhvil vermək lazımdır, istəmirsən, get özünə başqa iş tap, əgər tapa bilsən. Ona görə də onlarla işçi gündə on saat işləyərək, susur.
“Əlbəttə, Həmkarlar Ittifaqları Konfederasiyasına və ya dövlət qurumlarına şikayət yazmaq olar, amma bu, kömək edəcəkmi? Gələcəklər, iş icraçısını cərimələyəcəklər, sonra hər şey elə əvvəlki məcrada davam edəcək. Səni isə maddə üzrə qovacaqlar. Bütün ölkə üzrə tikinti obyektlərində belə qarma-qarışıqlıq və qanunsuzluq hökm sürür”, – deyə İlyas kollektiv şikayət yazmaq təklifimə fikrini bildirdi.
Doğrudanmı, bütün tikinti obyektlərində vəziyyət bu cürdür? İstifadıçilərə təklif edildikdə, bu mövzu sosial şəbəkələrdə böyük bir rəy dalğası qaldırdı, onlar ölkəmizdə vətəndaşların əmək hüquqlarının qorunması sahəsində vəziyyəti təsvir etdilər.
“Azərbaycanda inşaatçılar çox vaxt dözülməz şəraitdə işləyirlər. Onlar səkkiz saat yox, hətta qaranlıq düşənəcən çalışırlar. İstirahət günləri yoxdur. Onlar hətta tikinti sahəsində – taxtadan qayrılmış və heç bir şəraiti olmayan kiçik vaqonlarda – yaşayırlar. Onlara sahibkar nə qədər istəsə, o qədər də əmək haqqı verirlər, bəzən isə heç vermirlər,” – bunu müəllim işləyən Kamil Babazadə yazıb.
“Gəlirli obyekti vaxtında təhvil vermək və smetadan kənara çıxmamaq üçün işəgötürənlər təhlükəsizlik texnikasına, qanuna əhəmiyyət vermirlər. Onlar tikinti üçün torpaq və materiallar almaq, layihəçilərin haqqını ödəmək, layihəni reklam etmək üçün pul tapır, amma işçi geyimləri, fərdi mühafizə vasitələri almaq, məişəti təşkil etmək üçün vəsait tapmırlar”, – deyə ticarət şirkətinin ekspeditoru Sərdar Məmmədov qeyd edib.
“Ən dəhşətlisi isə odur ki, bu gün bir çoxları hər cür iş şəraitinə, hətta qul əməyinə belə razılaşır. Onların başqa çıxış yolları da yoxdur – ailə dalandırmaq lazımdır. İşəgötürənlərə isə yalnız elə bu lazımdır ki, insanlar kölə kimi işləsin və sussun. Bu, onu göstərir ki, kapitalizmin inkişafının yeni mərhələsi başlanmışdır. Axı ilk kooperativlər dövründə işçilərlə insani münasibətlər qurulurdu. Bax, elə beləcə də yaşayırıq”, – deyə tikinti firmasının layihəçisi İlqar Manafov vurğulayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “Turan”a verilən məlumata görə, Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən, ölkədə beşgünlük iş rejimində iş həftəsi 40 saatdan çox ola bilməz. Altıgünlük iş qrafikində isə işəgötürən işçiləri 7 saatdan çox saxlamamalı, sonuncu gün isə 6 saatdan sonra onları evə buraxmalıdır. 2016-cı ilin yekunlarına görə, ölkədə əmək qanunvericiliyinin 12 minə yaxın pozulması halları qeydə alınıb. Bu pozuntular əmək müqavilələrinin olmaması, qanunsuz işdənçıxarma, maaşların gecikdirilməsi ilə bağlıdır.
Beləliklə, qanunda deyildiyi kimi, iş həftəsi 40 saat, iş günü isə 8 saat təşkil edir. Bu normadır, lakin gerçəklik tamamilə başqa cürdür. Sosioloji Monitorinq Mərkəzi tədqiqatlarının nəticələrinə görə, ölkənin hər üç sakinindən biri həftədə 40 saatdan çox işləyir. Özəl sektorda çalışanların 33,2%-i həftədə 46 saatdan çox, 17,5%-i isə təxminən 50 saat işləyir. Ümumilikdə, işlə məşğul olanların 60%-nin iş həftəsinin real müddəti rəsmən qəbul edilmiş 40 saat əvəzinə 43-48 saata çatır. Müqayisə üçün: Fransada iş həftəsi yalnız 39,1 saat, Almaniyada isə 35- 36 saat davam edir.
Sosioloq Aysel Qurbanovanın sözlərinə görə, miqyaslı işsizlik şəraitində insanlar çox vaxt elə vəziyyətə düşürlər ki, iş vaxtından artıq çalışmağa məcbur olurlar. Xidmət sahəsində, tikintidə, nəqliyyatda, kənd təsərrüfatında çalışanlar daha çox normadan artıq işləyirlər. İşəgötürənlər qanunun tələblərinə məhəl qoymurlar, cüzi cərimə ödəməyə üstünlük verir və sonra bunun əvəzini işçiləri normadan artıq işlətməklə alırlar. Tədqiqatlar göstərir ki, “artıq” iş vaxtının yarıdan çoxunu işçilər işəgötürənlərə faktiki olaraq bəxş edir, əvəzində isə nə iş vaxtından artıq görülən işə görə haqq və ya istirahət, nə də uzadılmış məzuniyyət alırılar.
Bəs bu vəziyyətdən çıxış yolunu necə tapmaq olar? Bunun ən səmərəli üsulu saathesabı əmək haqqı tətbiq etməkdir (yeri gəlmişkən, Qərbdə bu, çox geniş yayılıb). Bu fikri “Turan”a Zəhmətkeşlərin Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, əmək haqqının yeni düsturunun tətbiqi normadan artıq işi minimuma endirməyə imkan verəcəkdir, çünki əks təqdirdə işəgötürənə normadan artıq iş saatlarını ödəmək lazım gələcək. Bundan başqa, büdcə sahəsi işçilərinin ayrı-ayrı kateqoriyalarının deyil, iqtisadiyyatda çalışan bütün vətəndaşların maaşları xeyli artacaq. Saathesabı ödəniş işəgötürənlərə öz tabeçiliyində olanıların iş gününün planlaşdırılması üçün daha çox imkan verəcək. Başqa sözlə, iş vaxtının planlaşdırılmasında çeviklik yaranacaq ki, bu da iqtisadi böhran şəraitində az əhəmiyyət kəsb etmir. Bu zaman işəgötürən işçilərin iş saatlarının sayını azalda və onlara daha az əmək haqqı verə bilər və bu, ştatı ixtisar etməkdən daha yaxşıdır.