Booking.com-un işğal olunmuş ərazilərimizdə mehmanxana sifarişləri dayandırılıb –XİN-dən bəyanat

0
3
Hollandiyanın ərazisində fəaliyyət göstərən booking.com şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsi dayandırılıb.

Bu barədə Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, 2 iyun 2017-ci il tarixli açıqlamamızda bildirilmişdi ki, XİN və Mədəniyyət Turizm Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görüləcək, Hollandiyadakı səfirliyimiz tərəfindən booking.com şirkətinə etirazımız çatdırılacaq:

“Booking.com şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə köklü şəkildə ziddir. Booking.com-un qeydiyyatda olduğu Hollandiya, o cümlədən Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dəstəkləndiyi halda, booking.com tərəfindən bu mövqeyin əksinə olaraq fəaliyyət göstərilib”.

XİN rəsmisi qeyd edib ki, həmçinin, münaqişə zonası və etnik təmizləmənin törədildiyi məkan kimi Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana rezervasiyasının həyata keçirilməsi və bundan komissiya şəkildə qazanc əldə edilməsi korporativ biznes etikası qaydaları və mənəvi dəyərlərlə bir araya sığmır:

“Booking.com şirkətinə onu da xatırlatmaq istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni və çirkli yollarla fəaliyyət göstərən kriminal sahibkarlıq subyektləri ilə işbirliyinə girmək şirkətin beynəlxalq nüfuzuna xələl gətirir. Qeyd olunanları nəzərə alaraq, booking.com şirkətini Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini tam şəkildə ləğv etməyə və gələcəkdə bu istiqamətdə hər hansı fəaliyyətdən kənar durmağa çağırırıq. XİN və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə zəruri tədbirlərin görülməsi davam etdiriləcək”.