Nə qədər yazılsa da, Xətai rayonunda ağac soyqırımının qarşısı alınmır ki, alınmır. Kim nə deyir desin, son söz cənab Razim Məmmədovundur. Belə görünür ki, o, icra hakimiyyətinin başçısı olaraq, həm də ərazinin sahibi mütləqidi. Burada ancaq onun yazdığı qanunlar işləyir. Şəhər arxitekturasına uymayan tikililər, Heydər Əliyev adına parkın içində “yapon bağı” möhtərəm başçının “yaradıcılıq” uğurlarıdı.
Bir zamanlar Heydər Əliyevin təşəbbüsü ilə yaşıl məkana çevrilmiş Məhəmməd Hadi küçəsindəki ağaclar asta-asta kəsilərək, yerində böyük, bir çoxu isə kiçik olan obyektlər tikildi. İndi də çəpərləmələr davam etməkdədir. Bu çəpərləmələrin arxasından nə və kimlər çıxacaq, hələlik sirr olaraq qalır. Maraqlısı odur ki, Xətai rayonunda, xüsusilə bu rayonun M.Hadi küçəsində ağacları kəsmək olar, yerində istənilən obyekti də tikə bilərsən, təki,”əlin cibində olsun”. Amma, ağacın kölqəsində çay içə bilməzsən. Qış boyunca yayı gözləyən çayçıların arzusu gözlərində qalıb. İndi, istixananı xatırladan çayxanaların qapısını açan olmasa da, fağır sahibkarlar zümrəsinə aid olan çayçılar stol-stullarını obyektlərinin qarşısındakı ağacların kölqəsinə çıxarıb, ailələrinin dolanışığını təmin edə bilmirlər. Deyilənə görə, ucuzlu çayxanalar açıq havada fəaliyyət göstərdikdə, vəzifə sahiblərinə məxsus bahalı çayçılar müştəri sarıdan korluq çəkirlər. Bax, belə…
Kiçik sahibkarlara böyük dərd verənlərə isə “gözləri üstə qaşları var” deyən hələlik tapılmır. O ki, qaldı yaşıllığın soyqırımına, bir ağacın kölqəsində kasıbın çay içmək, çörək pulu qazanmaq imkanı olmayacaqsa, hələ bəziləri onun ətrafını çəpərləyib, bizə gözdağı çəkdirəcəklərsə, Razimin həmin ağacların soyunu kəsdirməsi məsləhətli deyilmi?!
Nicat