“Hesab edirəm ki, həmin adam barədə ciddi ölçü götürülməlidir
“Facebook” sosial şəbəkəsində yazılan bir status rus dili, rusdilli təhsil mövzusunu yenidən gündəmə gətirib. Sosial şəbəkənin aktiv istifadəçilərindən olan iş adamı Fikrət Məmmədovun rus dilində yazdığı və böyük əksəriyyətin Azərbaycan dilinin təhqiri kimi qəbul etdiyi status birmənalı qarşılanmayıb.
Sözügedən şəxs öz statusunda fikirlərini niyə rus dilində çatdırdığını, Azərbaycan dilindən istifadə etmədiyini açıqlamağa çalışıb. F.Məmmədov Azərbaycan dilini “kütləvi yaltaqlıq dili” adlandırıb, bu dildə böyük bədii, elmi əsərlər yaradılmadığını deyib. Sözsüz ki, bu statusa rəylər də müxtəlif və daha çox aqressiv olub. Rəy yazanlar arasında kifayət qədər tanınmış jurnalistlər, qələm adamları da yer alıb.
Azərbaycan dilinə belə bir münasibətin bildirilməsi necə qarşılana bilər?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə bildirdi ki, həmin qalmaqallı yazı ilə o da tanışdır: “Mən çox təəssüf etdim. Hazırda vəziyyət elədir ki, ölkənin aktiv insanlarının çoxu “Facebook”dan istifadə edir. Hətta digər populyar şəbəkə istifadəçilərinin də sayı günü-gündən artır. Bunu niyə xatırladıram? Elə adamlar var buna bir zarafat kimi də baxır və zənn edir ki, sosial şəbəkələrdə istədiyi fikri yaza bilər. Amma dərindən yanılırlar. Çünki belə şəbəkələr ictimai rəyi formalaşdıra bilir. Hazırda siz jurnalistlər hansısa tanınmış adamın yazdığı bir statusu dərhal ciddi KİV-də xəbər kimi təqdim edə bilirsiniz. Dediyiniz hadisədə olduğu kimi. F.Məmmədov adda adamın yazdığı bir məsuliyyətsiz yazı hazırda müzakirə mövzusuna çevrilib. Mən həmin yazını oxudum. Belə adama bir ad verə bilərəm ki, o tam manqurtlaşıb. İnsan bir neçə dil bilər. Burada nəsə qəbahət yoxdur. Ancaq bunun fonunda öz doğma ana dilini bəyənməməyə, hətta onu kütlə qarşısında təhqirlərə məruz qoymağa başqa ad da verə bilmərəm. Azərbaycan dili xalqın qurduğu dövlətin rəsmi dilidir. Bu həm də bizim dövlətin vacib atributu sayılır. Heç kimə haqq verilmir ki, onu F.Məmmədovun etdiyi formada təhqir etsin. Hesab edirəm ki, həmin adam barədə ciddi ölçü götürülməlidir. İnsan hakimiyyətə müxalif ola bilər, ancaq dövlətə məxsus olan dəyərləri, atributları təhqir etmək cinayətdir”.
Məhəmmədəli QƏRİBLİ