Azərtac xəbər verir ki, iyunun 20-də müqəddəs Ramazan ayı münasibətilə açılan iftar süfrəsində nitq söyləyən Prezident İlham Əliyev deyib: “Biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır”.
Cocuq Mərcanlının erməni faşizminin canlı şahidi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu kənd cəmi 3-4 ay ərzində işğal altında olub. O kənddə bir dənə də salamat bina qalmamışdı. Erməni vəhşiləri bütün binaları dağıtmışdılar: “Ancaq biz bu kəndi iki ay ərzində bərpa etdik və əlavə yüz evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq”.
Prezident İlham Əliyev deyib: “Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Biz Bakıda erməni kilsəsini bərpa etdik və onu qoruyuruq. Ermənilər isə işğal edilmiş torpaqlarda bizim məscidlərimizi dağıdıblar. Bənzəri Cocuq Mərcanlıda tikilən həmin o Gövhərağa məscidi dağılmış vəziyyətdədir. O binanı dağıtmaq olar, amma düşmən bilməlidir ki, dağılmış məscidlər bizim qəlbimizdə yaşayır. Biz bu məscidləri qəlbimizdə ucaltmışıq və torpaqlar işğaldan azad olunandan dərhal sonra iki ay ərzində gözəl məscid tikilib istifadəyə verilib. Bunun çox böyük tarixi mənası var. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda da belə gözəl iftar süfrələri açılacaq, İnşallah”.