Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinən Emilya Həşimovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyinilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.
Dövlət ittihamçısı çıxışında Emilya Həşimovanın törətdiyi cinayət əməlinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. Prokuror E.Həşimovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
Prokurorun istədiyi cəzaya münasibət bildirən zərərçəkən şəxslər onlara dəymiş ziyanın ödənilməsini istəyib.
Təqsirləndirilən şəxs isə dəymiş ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası iyunun 22-nə təyin edilib.
Emilya Həşimovanın törətdiyi cinayət əməllərindən 10 nəfər zərərçəkmiş var.
Həşimova onların bəzilərindən işə düzəltmək, bəzilərindən də əlillərin binasından ev alacağı adı ilə pul alıb. Zərərçəkənlər arasında gözdən əlillər də var. E.Həşimova ümumilikdə 101 min manatı dələduzluq yolu ilə ələ keçirib.
Qeyd edək ki, Emilya Həşimova əvvəllər də dələduzluqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsində cəzası azaldılıb və sonra aministiya ilə azadlığa çıxıb. 2013 də azadlıqda çıxan Həşimovanın məhkumluğu tam ödənilməyib.