Sərhəd Qoşunlarının komandanı vəzifəsi ləğv edildi – Sərəncam

0
3

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman imzalayıb.
”Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinə əsasən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı Dövlət Sərhəd Xidmətinə rəhbərlik edir. Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Dəyişikliyə əsasən Sərhəd Qoşunlarının komandanı vəzifəsi ləğv edilir. Dövlət Sərhəd Xidmətinin rəisi Dövlət Sərhəd Xidmətinə rəhbərlik edəcək.
İndiyə qədər Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Sərhəd Qoşunları Baş qərargahının rəisi və digər müavinləri vəzifələrinə, habelə ali zabit hərbi rütbəsi nəzərdə tutulmuş başqa vəzifələrə təyin və həmin vəzifələrdən azad etmə Dövlət Sərhəd Xidməti rəisinin təqdimatına əsasən Azərbaycan prezidenti tərəfindən həyata keçirilib.
Dəyişikliyə əsasən, Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrə təyin və həmin vəzifələrdən azad etmə Dövlət Sərhəd Xidməti rəisinin təqdimatına əsasən Azərbaycan prezidenti tərəfindən həyata keçiriləcək.