Dünya Səhiyyə Təşkilatının solyarini kanserogenlər siyahısına daxil etməsinə baxmayaraq, hələ də bu prosedura insanlar tərəfindən istifadə edilir.
Bu sözləri Azertag.az-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının dosenti, tibb elmləri namizədi Elşad Novruzov bildirib.
Həkim deyib: “Solyari dəri xərçənginin əmələ gəlməsinə və ya yayılmasına səbəb ola bilər. Solyari adətən süni günəş şüası da adlandırılır. Lakin onu da bildirmək lazımdır ki, bu cihazın saçdığı ultrabənövşəyi şüalar günəş şüasından 100 dəfə güclüdür. Bu şüalar dərinin dərin qatına sirayət edərək hüceyrələrin mutasiyasına, yəni dəyişikliyinə səbəb olur. Bundan əlavə bu şüalar gözün billur qişasının şəffaflığını itirməsinə, erkən kataraktaya və nəticədə korluğa gətirib çıxara bilər. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, süni ultrabənövşəyi şüalardan müxtəlif rejimlərində psoriaz kimi bəzi dəri xəstəliklərinin müalicəsində də istifadə edilir. Amma bu proses, yəni şüalanmanın müddəti, seansların sayı, ancaq zədəli nahiyyənin şüalandırılması və s. yalnız həkim məsləhəti ilə həyata keçirilməlidir. Buna baxmayaraq hər bir xəstəyə prosedura öncəsi mümkün ola biləcək əks təsirlər haqqında, o cümlədən mümkün dəri xərçənginin yaranma riski barədə məlumat verilməlidir.
Bu proseduradan istifadə edənlərin müvafiq qaydalara riayət etmələri mütləqdir. Qaydalar bunlardır: solyari qəbul etməzdən əvvəl həkim müayinəsindən keçmək mütləqdi; prosedur zamanı antidepresantların, qeyri-hormonal ağrıkəsicilərin, antibiotiklərin istifadəsi qəti qadağandır; həssas dərili insanların solyari qəbulu məsləhət görülmür. Normal dəriyə sahib olanların isə dörd dəqiqədən artıq bu şüaları qəbul etməməsinə diqqət yetirmək lazımdır”.