“Həmin uçuşların həyata keçirilməsinə imkan verməməliyik”
Turizm turları adı ilə İrəvandan işğal altında olan Xocalı hava limanına uçuşların təşkil olunmasına Azərbaycan rəsmi etiraz bildirib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilir: “Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərindəki Xocalı hava limanından guya turizm səyahətləri adı altında Ermənistan tərəfindən uçuşların həyata keçirilməsi planları Ermənistanın növbəti təxribatıdır.
Ermənistanın qəsdən həyata keçirməyə çalışdığı bu kimi təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Azərbaycan Respublikasının işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub.
Azərbaycan Respublikası tərəfindən işğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib. Belə ki, Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Azərbaycanın bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir.
Ermənistanın Xocalı hava limanından istifadə etmək və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri Azərbaycan Respublikasının “Aviasiya haqqında” Qanunu, beynəlxalq hüququn imperativ norma və prinsiplərinin, Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır.
Münaqişənin həllinə məsul tərəf kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın bu növbəti təxribatının qarşısının alınması üçün ciddi münasibət bildirməyə və tədbirlər görməyə çağırırıq. Ümumiyyətlə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz əməlləri, o cümlədən iqtisadi fəaliyyəti, təbii resursların talan edilməsi, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi, məskunlaşdırma apararaq demoqrafik vəziyyətin dəyişdirilməsi, Xocalı hava limanının istifadəsi cəhdləri, qanunsuz seçkilərin keçirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqı (anneksiya) məqsədi daşıyır.
Azərbaycan tərəfi Ermənistanın bu növbəti təxribatının qarşısını almaq üçün beynəlxalq hüquqi vasitələrdən istifadə edəcək, aidiyyəti beynəlxalq təşkilatlara, xüsusilə Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcək”.
XİN-in bəyanatından aydın olur ki, Ermənistanın bu əməli həm də beynəlxalq tələblərə ziddir. Azərbaycan beynəlxalq qanunları əsas götürərək bu prosesi əngəlləyə bilərmi?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, Xocalı hava limanının Azərbaycanın Qarabağ bölgəsi ərazisində yerləşdiyini və bu ərazilərdə uçuşların təhlükəsizliyinə tam zəmanət verilmədiyini nəzərə alaraq, həmin ərazi Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən mülki aviasiya üçün qadağan olunmuş zona elan edilib: “Azərbaycanın müvafiq icra hakimiyyəti orqanları tərəfindən ölkəmizin hava məkanından istifadə qaydalarına uyğun tədbirlər görüləcəyi ilə bağlı açıqlamalar verilib.
Ermənistan mətbuatı Xocalı aeroportu ilə bağlı yenidən təxribat xarakterli məlumat yayıb. Düşmən tərəfi bəyan edib ki, aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar həyata keçiriləcək. Gün ərzində bir neçə belə uçuşun həyata keçiriləcəyi bildirilib.
Qeyd edək ki, ermənilər 2011-ci ildə Xocalı aeroportunda əsaslı təmir işləri apardılar. Həmin hadisədən sonra bəyan etdilər ki, Xocalı aeroportundan İrəvana uçuşlar olacaq. Ancaq rəsmi Bakının sərt xəbərdarlığından sonra Ermənistan rəhbərliyi bu uçuşları gerçəkləşdirməyə cürət etmədi. Hazırda bu mövzu yenə aktuallaşıb və mən bunu təsadüfi saymıram. Çünki Ermənistan bu cür vasitələrlə aparılan sülh danışıqları ilə bağlı atmosferi daha da gərginləşdirmək istəyir. Azərbaycanın verdiyi rəsmi cavabları tam qənaətbəxş sayıram. Ermənilər anlamalıdır ki, icazəsiz olaraq bizim hava sərhəddinin pozulması ilə bağlı Azərbaycanın daha sərt addımlar atmaq kimi hüququ var. Ardını isə dünyada mülki aviasiyanın təhlükəsizliyinə cavabdeh olan qurumlar həll etməlidir. Çünki Ermənistan bu addımı ilə bütün beynəlxalq konvensiyaların tələbini pozmuş olur. Həmin uçuşların həyata keçirilməsinə imkan verməməliyik. Rəsmi qurumlarımızla yanaşı, ictimai və siyasi təşkilatlar, mətbuat da bu növbəti erməni həyasızlığına sərt təpki göstərməlidir”.
Məhəmmədəli QƏRİBLİ