“Bank Respublika”nın “Azneft” filialı qarşısında 50-55 yaşlarında olan kişi özünü yandırıb.
Musavat.com xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım çağırılıb.
Şahidlərin bildirdiyinə görə, müştəri banka gələrkən əlində sellofan paket olub. O, bank işçiləri ilə mübahisə etdikdən sonra özünü yandıracağını deyib. Məlumata görə, mübahisəyə səbəb müştərinin banka olan borcunun qarşılığında mənzilinin alınacağının deyilməsi olub.
Daha sonra bankın qarşısına çıxan şəxs özü ilə gətirdiyi benzini üstünə tökərək əlindəki alışqanla yandırıb. Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşı yanğınsöndürən balonla alova müdaxilə etsə də, həmin şəxs əsasən qol, boyun və üz nahiyələrindən yanıq xəsarətləri alıb. Təcili yardım maşınına özü əyləşə bilən müştəri xəstəxanaya aparılıb.
Hazırda “Bank Respublika”nın “Azneft” filialı fəaliyyətini dayandırıb.. Polis əməkdaşları hadisə yerindədir.
12:50
***
“Bank Respublika”nın “Azneft” filialı qarşısında özünü yandıran şəxsin kimliyi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bankın müştərisi olan həmin şəxs Ramiz Manaf oğlu Manafovdur. 17.10.1953-cü il təvəllüdlü Ramiz Bakının Yasamal rayonunda qeydiyyatdadır.
Ramiz Manafovun banka nə qədər borcunun olması haqda hələ ki, dəqiq məlumat yoxdur.