“Bakının mağaza və bazarlarında satışda olan pomidorların tərkibinə heyvan geni vurulub.”
Bunu AzNews.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, pomidorların bərk olmasına da səbəb budur:
“Bərklik onların ömrünü uzadır. Azərbaycanın əmtəə bazarında olan xidmətlər istehlakçı deyil, bazar üçün hazırlanır. Hazırda dünyada bu sahədə iş gedir. Hər şeyin görkəmli və üzün ömürlü olmasını istəyirlər.”
Eyyub Hüseynovun fikrincə, hər il kənd təsərrüfatı mallarının genlərini dəyişdirirlər:
“Bu baxımdan sortları da dəyişir. Əlbəttə, genetik modifikasiya olunmuş pomidorların toxumlarını əksək bitməyəcək. Onların toxumları xarici ölkələrdən gətirilir.”
Ekspert bunların insan orqanizminə zərərindən danışıb:
“İnsan orqanizminə zərəri çoxdur. Orqanizmdə o cür bitkiləri həzm edən hormonlar yoxdur. Ona görə də həmin maddələr insan orqanizmində müxtəlif və müstəqil hüceyrələr yaradır. Nəticədə bu hüceyrələr insanların müxtəlif orqanlarına yapışır, orada inkişaf edərək xərçəng xəstəliyinin ağır formasını yaradır. Bundan əlavə ətraf mühitə mənfi təsir edir. Qədim bitkiləri sıradan çıxarır.”