Azinforum.az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkədə beş tələbənin ölümü ilə nəticələnən qəzanın səbəbləri barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu faciə hərtərəfli təhlil edilsə, çoxlu tipik məqamlar ortaya çıxır. Ə. Hüseynov hesab edir ki, bu qəza göstərir ki, ölkədə yol hərəkəti təhlükəsizliyində ciddi problemlər mövcuddur:
1. Sükan arxasında 17 yaşlı gənc olub (belə məlumat yayılıb). 17 yaşlı gəncin sürücülük hüququ ola bilməz.
2. Qəzanın xarakteri və gələn məlumatlar hədsiz yüksək sürətin olduğunu təsdiqləyir. Yollarımızda təkər üstündə uçmaq istəyənlər artmaqdadır və təəssüf ki, sürətin nə demək olduğunu anlayanlar çox azdır.
3. Hadisəni şərh edən heç kəs orada yola diqqət etmir. Amma fotodan aydın görünür ki, yolun kənarında xəndək başlayır. Belə yol dünyanın ən təhlükəli yolları sayılır, çünki yoldan çıxan avtomobilin sürücü və sərnişinlərinin sağ qalmaq şansı çox azdır. Xəndək olmasa, avtomobil bir neçə dəfə yumalansa da, içərisində sağ qalmaq şansı yüksəkdir. Və ən başlıcası: yolların hər yerinə dəmir sədd düzənlər bilməlidirlər ki, həmin sədd məhz belə yolun qırağında olmalıdır ki, taleyi ilə oynayan gəncə yaşamaq şansı qalsın.
4. Yolun həmin sahəsində belə xəndəyin, az da olsa döngənin, habelə enişin olmasına baxmayaraq, orada 110 KM/SAAT sürət qoyulub. Bu sürət əvvala qanunumuza ziddir, daha sonra nə kənarı xəndəkli yola, nə də orada maşın sürən təfəkkür qüsurlu insanlara uyğun deyil.
5. Qəzanı şərh edənlər avtomobilin təhlükəsizlik göstəriciərini, xüsusən təhlükəsizlik yastıqlarının açılmamasını da vurğulayırlar. Onlar haqlıdırlar. Amma bir şeyi unutmayaq: “Accent Hunday” aşağı sinif avtomobildir, onun təhlükəsizlik sistemi sinfinə uyğundur və məsələn, nə “Sonata”, nə də “E” sinif “Mercedes”dəki kimi ola bilməz. İkincisi də bu avtomobildə hansı təhlükəsizlik yastıqları olduğunu dəqiq bilmirik və şəxsən mən ehtimal edirəm ki, onda yalnız ön və yan zərbələr üçün (hətta ola bilər ki, yalnız ön) üçün yastıqlar var.
Tam əminlikə deyirəm ki, avtomobil uçaraq idarəetmədən çıxıb hansısa maneəyə çırpılmadan dəfələrlə aşırsa, həmin yastıqlardan heç biri açılmır. Yastıqlar belə qəzaya hesablanmayıb. Şəkildən aydın görünür ki, avtomobil frontal zərbə almayıb, əsasən damı əzilib ki, bu da dəfələrlə aşaraq xəndəyə düşmənin nəticəsidir.
Amma şəxsən mən ölkəmizə gətirilən avtomobillərin təhlükəsizlik sisteminin və digər keyfiyyət göstəricilərinin dilerləri maraqlandırmadığına əminəm. Ona görə də ən zay avtomobillərin bizə sırındığı mümkündür.
Qeyd edək ki, mayın 20-də Hacıqabul rayonunda, Bakı-Qazax magistralının 112-ci kilometrliyində baş vermiş dəhşətli qəza ilə bağlı bəzi məqamlar aydınlaşıb. Məlum olub ki, 5 gəncin həyatını itirməsi ilə nəticələnən qəzaya düşmüş “Hyundai Accent” həmin şəxslərə məxsus olmayıb.
Belə ki, dostlar taksi sürücüsü olan tanışlarından həmin avtomobili bir neçə günlük icarəyə götürüblərmiş. Qəzanın baş vermə anına gəlincə, hadisədən bir neçə saniyə əvvəl 17 yaşlı Əmiraslan Əmiraslanlının idarə etdiyi avtomobil digər bir İmişli sakininin avtomobilini yüksək sürətlə keçib. Həmin maşının sürücüsü deyib ki, “Hyundai Accent” saatda təxminən 150-160 kilometr sürətlə hərəkət edirmiş və ötmə əməliyyatından sonra sürücü idarəetməni itirib. Maşın bir andaca yoldan çıxaraq dərəyə yuvarlanıb.