MTN ömrümün 10 ilini aldı və yaxud mən necə sağ qaldım?!

0
5

3

Ramiz Tağıyev

Ömrümün iyun ayları həm sevincli, həm kədərli günləriylə zəngindi. 60 il öncə bu ayın 8-də dünyaya göz açmışam.1994-cü ilin həmin günündə Tanrı mənə doğum günü hədiyyəsi edib. Məhz həmin gün oğlum dünyaya gəlib. Sevincli günlər yaşadığım iyun mənə bir xeyli acılar da yaşadıb…

2003-cü ilin iyun ayının 14-ü idi. İki gün olardı ki, Nabrana gəlmişdim. Birinə borc verdiyim pulu almalıydım ki, həmin axşam doğmalarımdan birinin toy məclisində iştirak etmək üçün Bakıya dönüm. “Sən saydığını say, gör fələk nə sayır” deyiblər… Səhər saat 7:30-da yuyunub, geyinib yola çıxmaq istəyirdim. Birdən qaldığım otağın qapısı zərblə sındırıldı. Bir-birini itələyərək otağa soxulan idman geyimli, cüssəli gənclərin əllərindəki silahların üstümə tuşlanması azmış kimi, biri hətta iki dəfə atəş açdı. Qeyri-iradi olaraq əlimdəki qayışla atəş açanın sifətinə vurdum. İçimdən bir səs gəldiyini duydum; “ölmək ölməkdi, bəs xırıldamaq nə deməkdi”. Doğrusu, həm qorxurdum, həm də nədənsə son dəfə gülmək istəyirdim…

Başıma, sifətimə dəyən zərbələrin ağrısını da hiss etmirdim. Artıq “əzrayıl”ların cənginə düşdüyümü anlayıb, daha dəhşətlisini-ölümü gözləyirdim. Qanım axır, ağlıma cürbəcür fikirlər gəlir, içimdəki qəfil gülüş isə qəribə hisslər yaşadırdı. Axan qanım soyuq təsir buraxdığından, nə yaman soyuqqanlıyammış, deyə düşündüm. Nə üçün cəbhədə-düşmənlə döyüşlərdə şəhid ola bilmədim sualı üzərində ani olaraq baş sındırmağa çalışdım. Evim-eşiyim yox idi, heç olmasa şəhid adım ailəmin ehtiyaclarını az da olsa ödəməyə kömək edərdi…

Qanımın soyuqluğu məni, sanki yuxudan ayıltdı. Özümü toparlayıb, sözün əsil mənasında soyuqqanlı olmağa çalışdım. Axan qanımın gözlərimi tutmasına imkan vermədən, astaca,”məni niyə vurursunuz” sualını verib, əslində, vaxt qazanmağa-əlverişli məqam axtarmağa çalışırdım ki, heç olmasa bunlardan birinin “işi”ni bitirim, qanım yerdə qalmasın. Çözaltı baxdım, atəşi açmış yekəpər qarşımda dayanıb, tapançanın arxasıyla başıma, çiynimə zərbələr endirirdi…

Bu qarışıqlıqda yeni bir “kəşfim”də oldu. Ekstremal vəziyyətlərdə beyinin ildırım sürətilə, hədsiz iti işlədiyini kəşf etmişdim. Bir neçə dəqiqə içərisində nələr keçməmişdi ağlımdan.

 

Ağır zərbələr qol-qabırğamı sındırsa da, qürurumu qoruyub saxlamağa çalışırdım. İçimdə bu cür ölüm mənə yaraşmır, deyirdim. Elə həmin hisslə də özümü yekəpərin üzərinə atıb, cəld arxasına keçdim. O qədər gözlənilməz olmuşdu ki, yekəpərin digər üç dostu bir anlıq donub qalmışdılar. Artıq kəlpeysərin boynu qollarım arasına keçmişdi. Ölüm qorxusu və ya qisas hissi qollarıma elə qüvvət vermişdi ki, yekəpərin boynunu əlimdən kimsə ala bilməzdi. Özümü arxası üstə çarpayıya atıb, yekəpəri boynuyla birgə üstümə çəkdim. Əlindəki tapança sağa-sola hərəkət etdiyindən, digər 3 nəfər bizə yaxınlaşmağa ehtiyat edirdi. Sol əlimlə yekəpərin boynunu sıxıb, sağ əlimlə əlindəki tapançanı zərərsizləşdirməyə çalışırdım. Elə həmin an növbəti atəş açıldı. Biri yaralandığından, ani olaraq ortalığa sükut çökmüşdü. Yekəpər qeyri-ixtiyari silahı əlindən buraxmalı oldu. Əsəbimdən onlara ucadan “mən, sizin kimi nakişi deyiləm, onu həkimə aparın”-dedim. Dediyim kimi etdilər… İkimiz qalmışdıq-yekəpər və mən. Növbəti addımımın nə olacağını müəyyənləşdirməyə çalışırdım. Ağlıma ilk gələn aradan çıxmaq idi. Qarşımdakıları cinayətkar sandığımdan, münaqişənin daha da böyüməsini arzulamırdım. Tapançanı götürüb, ayağa qalxmaq istədim. Mümkün olmadı, silah rəqibin xüsusi kəmərinə bərkidilmişdi. Sanki bədənimə cərəyan ötürdülər, “siz,kimsiniz axı”-deyib, yekəpəri silkələdim. Ondan cavab almamış, başımı qaldırıb, pəncərədən istirahət mərkəzinin həyətinə boylandım. Həyət qara maskalılarla, polislərlə dolu idi. Ömrümdə ilk dəfə idi ki, onları görməyimə bu qədər sevinirdim.Yaxşıki xəbər tutub, gəliblər- deyə, xeyli rahatlandım.

Maskalılarla birgə otaga mülki geyimli, vəzifəli şəxs təəssüratı yaradan bir nəfər də daxil oldu. Özünü təqdim etsə də, adını yaddaşıma həkk edəcək durumda deyildim. Həmin şəxs hadisə araşdırılana qədər qoluma qandal vurulacağını söylədi. Sadəlövh olmadığımdan bilirdim ki, boşuna qandal vurulmur. Səhv etməmişdim… Qollarıma qandal vurulduqdan sonra, otaqda yalnız qara maskalılar və mən qalmışdım. Onların verdiyi işkəncələri gördükcə, “cinayətkar”lara müqavimət göstərməyimin peşimançılığını çəkirdim. Kaş ki, öldürsəydilər deyirdim…

Qollarım arxadan qandallandığından üz-gözümü belə müdafiə edə bilmirdim. Burnum qırılmış, dişlərim sındırılmışdı. Nəfəs almağa çətinlik çəkirdim. Bədənimə dəyən dəyənək və təpiklərdən o qədər keyimişdim ki, ağrı-acını hiss edə bilmirdim. Demə isti-isti imiş. Bu ağrıları hələ uzun müddət-saxlandığım Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında hiss edəcək, baş-başa qalacaqdım. Böyrəklərimin tutmaları məni “divara dırmaşdıracaq”, səsimə, harayıma yetən olmayacaqdı.

2

Bəri başdan deyim ki, həbsimə hazırlıq işlərinə ötən il 1 saylı Bakı İstintaq Təcridxanasında intihar etmiş, keçmiş MTN-nin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev rəhbərlik edib. (həmin zaman hansı vəzifə daşıdığından məlumatsızam-R.T) Biz hələ çox qarşılaşacaqdıq. Etdikləri pisliklərin qarşılığını vermədən ondan əl çəkməyəcəyimə and içmişdim. Məhz həmin səbəbdən Tanrıdan ömür diləyir, yaşamaq istəyirdim.

Nabrandan məni Xaçmaz rayon Polis İdarəsinə apardılar. Yolboyu qandal qolumu elə sıxmışdı ki, qollarım neqr qolları kimi qapqara olmuşdu. Bilmirəm indi necədi, o zaman həmin polis idarəsinin saxlanma kameralarının qapıları elə idi ki, gərək, heyvan kimi, əyilərək, dördayaqlı içəri daxil olaydın.

Tanrıma dönə-dönə sual edirdim; axı mənim günahım nədir? Ömrümün ən gözəl çağlarını Vətənin azadlığına, müdafiəsinə həsr etsəmdə, ailəmə gün ağlamamışdım. Budurmu mükafatım deyirdim.

Gecəyarısı Xaçmaz rayon Prokurorluğunun müstəntiqi Ələmşah Şükürov adlı birisi gəldi. Vəkilim gəlməmiş ifadə verməyəcəyimi bildirdim. Qırsaqqız olub keçmişdi xirtdəyimə ki, ifadə verməlisən. İmtina etdikdə, təhqir etmək istədi, məni dələduz adlandırdı. Şərəfini üç qəpiyə satmağa hazır olan Ələmşahın məni-ömrünü halal zəhmətiylə yaşamış Ramiz Tağıyevi dələduz adlandırmasını qəbul edə bilməzdim. Gözlərinin içinə baxaraq, dələduz sənsən, sənə bu tərbiyəsizliyi öyrədənlərdir- deyə bağırdım. Zaman gələcək, ölməyib sağ qalsam, bunu sənə mütləq sübut edəcəyəm dedim…

Uca Tanrım nə qədər ədalətli imiş! Ələmşahla görüşdük. Hədsiz maraqlı bir görüş oldu. Maraqlı olan görüş məkanımızdı. 2013-ildə xəstələndiyimdən, məni cəza çəkdiyim 12 saylı müəssisədən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürmüşdülər. Cərrahiyyə şöbəsində əməliyyat olunacaqdım. Şöbəyə yeni gətirilmiş bir məhkum diqqətimi çəkdi. İlahi, bunu harda görmüşəm-deyə, fikrimi cəmləyib Ələmşaha bənzətsəm də, onun məhkum həyatı yaşamasına inana bilmirdim. Məhkumlar həmin “bədbəxtə” palatalarda qalmaq imkanı vermirdilər. Televizora baxmaq üçün ayrılmış otaqda, oturacağın üstündə gecələməli olurdu. Səbəbini öyrəndikdə “zloy poqon” olub, dedilər. Dözmədim, ona yataq şəraiti təşkil edib, evdən gətirilmiş sovqatlardan pay verdim. Doluxsundu… Mən həmin Ələmşaham deyərək, dönə-dönə üzr istədi. Dələduzluq maddəsiylə bir müddət axtarışda olub, həbs edilmişdi. Bax belə, bu imiş həyatın istehzası!

MTN-nin ilk həbsindən də məhz iyun ayında azad oluna bildim. 2005-ci ilin iyun ayının 20-si mənim üçün sürpiriz bir gün oldu. Əlbəttə, sevinirdim ailəm, doğmalarım, dostlarım artıq əlçatmaz deyildilər.

Təəssüf ki, bu sevinc uzun çəkmədi. Məni növbəti dəfə quldurlarla, dələduzlarla şavaş gözləyirmiş. Bu dəfə rəqiblərim daha güclü, hədsiz qəddar, tülküdən də hiyləgər olacaqmış.

2005-ci ilin iyin ayının 31-də İlqar Əliyevlə bir daha qarşılaşmalı olduq. Həmin zamana qədər onun MTN əməkdaşı olduğunu bilmirdim. Nabranda həbs edildiyim ərəfədə, mənimlə yanaşı otaqda qalırdı. Mənə yaxınlaşıb, özünü iş adamı kimi təqdim etmişdi. Çay içib, dünyanın dərd-sərindən söhbət açmışdıq. Demə, hərif həbs olunmağım üçün əməliyyat şəraiti hazırlayırmış.

Bu dəfəki görüşümüzdə, indi Kürdəxanı İstintaq Təcridxanasının sakininə çevrilib, təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev də iştirak edirdi. (E.Quliyev o zaman polkovnik idi)

 

Ardı var…