İcra başçısı:”Ermənilərin minaatanlardan atəşi nəticəsində Ağdamda 10 min voltluq elektrik xətti qırılıb”

0
5
Mayın 16-da axşam saatlarında erməni silahlı birləşmələri Ağdam rayonunun 3 kəndini atəşə tutublar.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Trend-ə açıqlamasında bildirib ki, günün ikinci yarısından başlayaraq erməni hərbi birləşmələri işğal altındakı ərazilərdən rayonun Aşağı Qərvənd, Əhmədağalı və Təzəkənd kəndlərinin əkin sahələrini minaatanlardan atəşə tutublar.

Hadisə nəticəsində ev və obyektlərə ziyan dəyməsə də, kəndlərə gedən elektrik xətti qırılıb:

“Hadisə nəticəsində Təzəkənd kəndinə gedən 10 min voltluq elektrik xətti qırılmışdı. Gecə saatlarında xətt bərpa edildi və kənd elektrik enerjisilə təmin olundu”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.

Eyni zamanda, düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib.

Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.

Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.