II Şah İsmayıl Səfəvinin qətli

0
3

 

Azərbaycan hökmdarı II Şah İsmayıl(1576-1577) haqqında tarixşünaslığımızda hələ ki, geniş tədqiqat əsərləri mövcud deyildir. II Şah İsmayılın hakimiyyəti qısa olsa da çox ziddiyyətli olmuşdur. Onun bir çox Səfəvi şahzadələrinin ölümü barədə hökm verməsi, bir sıra dini məsələlərdə ənənəvi qaydalara qarşı çıxması bu günə qədər geniş şəkildə araşdırılmamışdır.

Fəailiyyəti kimi şahın ölümü də bu günə qədər müəmmalı olaraq qalmışdır. Müəyyən qism tarixçilər II Şah İsmayılın sui-qəsd nəticəsində öldürdüldüyünü[2,124; 3,226; 8,17], bəziləri ürək tutmasından, bir qismi mədə problemindən, digər qismi isə həddən artıq tiryək qəbul etdiyindən öldüyünü qəbul yazır[1,49].

Şah Təhmasib Səfəvi(1524-1576) hakimiyyəti zamanında özünə rəsmi olaraq varis təyin etməmişdi. Şah Təhmasib 1574-cü ildə qəfil xəstələnib yatağa düşərkən şahzadələr və Qızılbaş əmirləri arasında vəliəhd məsələsi üstündə ixtilaflar yarandı. Ustaclı əmirləri Şah Təhmasibin sevimli oğlu Heydər Mirzənin namizədliyini irəli sürsələr də Pərixan xanım başda olmaqla Rumlu, Təkəli, Əfşar əmirləri və Pərixan xanımın dayısı Şamxal Sultan Qəhqəhə qalasında həbsdə olan İsmayıl Mirzənin tərəfini saxlamışdılar[5,102]. İsmayıl Mirzə cəsur döyüşcü olub Osmanlılara qarşı döyüşlərdə igidlik göstərib ad qazanmışdı. 1547-ci ildə Şah Təhmasib oğlu İsmayıl Mirzəni Şirvan bəybərləylinə hakim təyin etmişdi[6,48]. İ.Münşinin yazdığına görə İsmayıl Mirzənin divanəxislət qızılbaşlarla həmsöhbət olması və bəzi pis hərəkətləri Şah Təhmasibin xoşuna gəlmirdi, elə bu səbəbdən onu Məhəmməd Xudabəndinin əvəzinə Xorasana hakim təyin etmişdi. İsmayıl Mirzənin Xorasandakı fəailiyyətindən narazı qalan Şah onu Qəhqəhə qalasında həbsə atdı və bu minvalla İsmayıl Mirzə 19 il 6 ay 21 gün bu qalada həbsdə qaldı[9,365]. Şah Təhmasibin vəfatından sonra Heydər Mirzə atasının qılıncını belinə bağlayıb, başına tac qoydusa da əmirlər onu şah kimi tanımaqdan imtina etdilər və bir müddət sonra onu hərəmxanada öldürdülər[9,352,359]. Bu hadisədən sonra Pərixan xanım başda olmaqla bir çox Qızılbaş əmirlərinin razılığı ilə İsmayıl Mirzənin Qəzvinə dəvət olunması üçün adamlar göndərildi. İ.Münşinin yazır: “Azərbaycan əhalisi qala ətəyinə yetişdikdə qapılar açıldı”[9,365-366]. İsmayıl Mirzə 1576-ci il 22 avqustda özünü şah elan edir[4,89].

Hakimiyyətinin sonlarına yaxın göydə Zuzbabə ulduzunun görünməsi ilə artıq II Şah İsmayılın hakimiyyətinə təhlükə yaranacağı fikri ortaya çıxmışdı. II Şah İsmayıl özü də nücum elminə bələd idi və bu hadisədən də həyəcanlanmışdı[9,402].

1

Ramazan ayının 13-də(24 noyabr) Şah yaxın dostu Həsən bəy Halcaçıoğlu və bir neçə dövlətxana işçisi ilə birlikdə saraydan kənara çıxmışdı. Gecənin xeyli hissəsini gəzib dolaşdıqdan sonra onlar Həsən bəyin divanxanaya bitişik evində gecələdilər, yuxuya gedən Şah və Həsən bəyin otağının qapısı günortaya qədər bağlı qaldı. Əmirlər bundan narahat olsalar da cürət edib otağa yaxın gələ bilmirdilər. Sonda yuxu vaxtının uzanmasından narahat olan Kiçik Həkim adlı Əbülfət Təbrizi Şahın yatdığı otağa yaxınlaşdı, lakin səs-səmir eşitmədiyindən geri döndü. Buna baxmayaraq əmirlər həkimin Şahla yaxın olduğuna əsaslanıb yenidən onu Şahın otağına göndərdilər. Otağın qapısı arxasında qorxusundan dua edərkən Halvaçıoğlunun səsi eşidilir və o həkimə deyir: “Ey həkim, qapını açmaqdan ötrü qüvvətim yoxdur. Qapını hansı yolla olursa olsun açıb içəri girin və nə baş verdiyini görün”[9,403-404]. Bundan sonra Mirzə Salman başda olmaqla bir qrup əmir qapını sındırıb içəri girir. İ.Münşi yazır ki, bu zaman Şah hərəkətsiz olsa da hələ də keçinməmişdi. Həkimlər hələ də onun bədənində süst hərəkətlər hiss edirdilər[9,404-405]. Bu zaman Həsən bəy Halvaçıoğlunun dindilir və o bildirir ki, Şah iftar vaxtı xalis tiryək qəbul etmiş, gecə gəzintisi zamanı bir hamamın qarşısında halva satan şəxsi halvasından xeyli yemişdir. Həsən bəy bildirir ki, iftar vaxtı Şahın ona verdiyi tiryəkdən özü istifadə etməmişdir. Həsən bəy daha sonra deyir: “… Mənzilə çatdıqda [şah] dedi: Sübh açılmaq üzrədir, bir az da nəşə (flunya) çəkib yataq”. Ağzını həmişə mənim möhürlədiyim nəşə qabını gətirdilər. Möhür yox idi. Dedim: “Bu qabın ağzı açıqdır və mənim möhrüm orada yoxdur”. Mənim sözlərimə məhəl qoymadı, adətindən çox nəşə çəkdi, zorla mənə də çəkdirdi. Mən amma az çəkdim və hər ikimiz yatdıq. Günorta yuxudan ayılıb özümü indicə gördüyünüz vəziyyətdə gördüm. Həzrət şah danışa bilmirdisə də əl-ayaq atırdı. Bir az sonra hərəkətdən qaldı, nəfəsi kəsildi və elə bu vaxt Kiçik Həkimin səsi eşidildi. Həqiqət budur, yerdə qalanını siz bilərsiniz”[9,404-405]. Maraqlıdır ki, bu məsələnin təhqiq olunması üçün Əmir xan təşəbbüs göstərsə də Pirə Məhəmməd xan və başqaları ona mane oldular[9,405]. Həsən bəy Rumlu isə “Əhsənüt-Təvarix” II Şah İsmayılın öldürüldüyünü yazır: “Onun qətlinin səbəbi budur ki, Həsən bəy Halvaçıoğluya bənd olub ondan bir an belə ayrılmazdı. O, (yəni Həsən bəy) bu vəziyyətdən təngə gəldi. O namərd (Həsən bəy) rəzil alçaqlarla və hiyləgər gədalarla söhbətə adət etdiyindən şahın düşmənləri ilə əlbir oldu. Pərixan xanım da onun anasını aldadıb yoldan çıxardı və onun qətlində müttəfiq oldular. O divə bənzər hökmdar dövlət sahiblərinə lazım olan ehtiyatkarlığa riayət etməyi yerə qoyub tək-tənha onun (Həsən bəyin) evinə gəldi ki, istirahət etsin. Onlar fil iliyini yeməyinə qatıb ona verdilər. O, yuxuya gedəndən sonra onu boğdular”[7,646]. Eyni zamanda H.Rumlu idda edir ki, II Şah İsmayıla müəyyən qədər cismani cəzalar da verilmişdir. O əsərində Şah Təhmasibin Qəhqəhə qalasında olduğu zaman İsmayıl Mirzəyə yazdığı məktubundan sitat gətirərək göstərir ki, düşmənlərin qəsdindən və qadınların məkrindən qafil olma ki, səni də Kiçik Şeyx Həsən kimi öldürməsinlər[7,646]. Oruc bəy Bayat da öz əsərində Pərixan xanım başda olmaqla bir qrup əmirin II Şah İsmayılı öldürmək barədə razılığa gəldiyini yazır və bildirir ki, gecə Şah yatarkən bəzi şəxslər qadın paltarında sarayın qadınlara aid hissəsindən keçərək onu öldürmüşlər[12,48]. Osmanlı tarixçisi Gelibolulu Mustafa Ali II Şah İsmayılın öldürüldüyünü xüsusi olaraq qeyd etmişdir[11,230].

Tarixşünaslığımızda II Şah İsmayılın öldürülməsi fikri geniş yayılmışdır[4,92]. Bununla belə Şahın ölümünün müəmmalı olması fikri ilə də razılaşanlar vardır[5,104]. Xarici tarixşünaslıqda II Şah İsmayılın müəmmalı səbəblərdən öldüyü fikri geniş yayılmışdır[6,49]. İ.Münşi yazır: “Camaat belə danışırdı ki, [şah] nəvvab Pərixan xanımı etibardan saldığına görə, o, hərəmxananın kənizləri ilə dilbir olub, onun nəşəsinə zəhər qatmışdır”[9,405]. Eyni zamanda o Şahın ürək xəstəliyinin də olduğunu bildirir və bir dəfə möhkəm ürək tutmasının olduğunu, həkimlərin müdaxiləsi olmasaydı keçinəcəyini qeyd edir. Həmçinin xüsusi hazırlanmış tiryəkdən xeyli istifadə edərkən nəfəs yolunu bağlaması səbəbindən də öldüyünü yazır[9,405].

Hadisənin üstündən xeyli zaman keçməsi və vaxtında işin tədqiq edilməməsi səbəbindən biz dəqiq fikir söyləyə bilmərik. Bununla belə qeyd etmək lazımdır ki, II Şah İsmayıl səhhətinə çox da fikir verən insan deyildi. Məsələn onun düzgün qidalanmaması səbəbindən ağzında cəmi iki qalması mənbələrdə göstərilir. Yalançı İsmayıllar hərəkatı zamanı da özlərini Şah İsmayıl kimi qələmə verən qələndərlər əhali arasında ona qarşı sui-qəsd hazırlandığı iddiasını yaymaqla bu fikrin geniş intişar tapmasına səbəb olmuşlar[9,500]. Bizim qənaətimizcə II Şah İsmayıl səhhətində yaranan problemlərdən və yüksək dozada tiryək qəbulundan vəfat etmişdir.

II Şah İsmayılın sui-qəsd nəticəsində öldürüldüyü doğru olsa belə diqqəti çəkən məqam Şahın qansız öldürülməsidir. Bir çox Səfəvi şahzadələri, o cümlədən Pərixan xanım da boğularaq öldürüşmüş və qanları axıdılmamışdır. Ümumiyyətlə Türk dövlətlərində sultan və şahzadələr qansız şəkildə öldürülmüşlər. – Osmanlı sultanları və şahzadələri, Səlcuq bəyləri və şahzadələri, Çingiz xanın qan qardaşı Camuka bu şəkildə öldürülmüşdür. Türk inanc sisteminə görə qansız öldürülən şəxsin ruhu həmin insanın xidmətinə keçirdi. Camuka Çingiz xana belə demişdi: “Ey anda, mənim qanımı axıtmadan öldür. Bu şəkildə mənim ruhum sənin və sənin nəvələrinin hakimiyyətinə xidmət etsin”[10,152-154]. Qərb tarixçilərinin Səfəvilərin kürd, fars mənşəli olmasına iddiasının əksinə olaraq bu sülalə hakimiyyətləri zamanında türk adət-ənənələrinə sadiq qalaraq öz milli kimliklərini ortaya qoymuşlar.

Ədəbiyyat siyahısı

  1. Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara: 2011, 306 s.
  2. Azərbaycan tarixi. Mehman Abdullayevin redaktəsi ilə. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2014, 380 s.
  3. Azərbaycan tarixi. Yeddi cildə, üçüncü cild. Bakı: Elm, 2007, 592 s.
  4. Bayramlı C., Zifəroğlu V. Azərbaycan hökmdarları: Səfəvilər. Bakı: 2015, 240 s.
  5. Bayramlı Z., Şabiyev B. Azərbaycan Səfəvi dövləti (XVI-XVII əsrlər). Bakı: Avropa, 2016, 344 s.
  6. Farrokh K. Iran at 1500-1988. Grear Britain: Osprey Publishing, 2011 481 p.
  7. Həsən bəy Rumlu. Əhsənüt-təvarix(tarixlərin yaxşısı). Fars dilindən tərcümə və şərhlər: AMEA-nın müxbir üzvi, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Musalı. Kastamonu: Uzanlar, 2017, 661 s.
  8. Qurbanov C. Səfəvi hökmdarı I Şah Abbas (1587-1629). Bakı: Zərdabi LTD, 2011, 176 s.
  9. Münşi İsgəndər bəy. Dünyanı bəzəyən Abbasın tarixi. I kitab. Fars dilindən tərcümə t.e.d. Ş.F.Fərzəliyevindir. Bakı: Şərq-Qərb, 2014, 1144 s.
  10. Nəcəf Ə.N. İnanc Yaddaşı(köklər və tarixlər). Bakı: “Qanun Nəşriyyatı”, 2014, 352 s.
  11. Nəcəfli T. Səfəvi-Osmanlı münasibətləri. Bakı: “Turxan NPB”, 2014, 516 s.
  12. Книга Орудж-бека Байата дон-Жуана Персидского. Перевод с английского, введение и комментарии д.и.н. Октая Эфендиева, к.и.н. Акифа Фарзалиева. Баку: Элм, 1988, 216 с.

 

Sədulla NURİYEV

Bakı Dövlət Universiteti,

tarix fakültəsi, III kurs tələbəsi